Britaniya televiziyasından sensassiyalı xəbər
İngiltərənin “Sky News” televiziyası İranın Türkiyədə “sui-qəsdçilərdən ibarət gizli şəbəkə” qurduğu haqda məlumat yayıb. Avstraliyalı iş adamı Rupert Murdokun pay sahibi olduğu “Sky News” məlumatı kəşfiyyat mənbələrindən aldığını qeyd edib.
Məlumata görə, kəşfiyyat orqanları Türkiyədəki İsrail və Qərb hədəflərinə hücum etmək üçün İrandan əmr gözləyən sui-qəsdçiləri axtarır. Bildirilir ki, terror şəbəkəsi birbaşa İranın dini lideri Əli Xameneyiyə bağlı olan “İnqilab Keşikçilərinin Qüds Gücü” təşkilatında “Birlik 400” adı altında hazırlanıb.
Kəşfiyyat mənbələrindən biri deyib ki, “Birlik 400” bir neçə aydır Türkiyədə bir əməliyyata hazırlaşır. Bu hazırlıq artıq yüksək bir mərhələyə çatıb və planı həyata keçirmək niyyətinin olduğu haqda kəşfiyyatda dəqiq dəyərləndirmə var.
“Sky News” məlumatı belə bir şərhlə yekunlaşdırır ki, bu məlumat ola bilsin, Qərb və Yaxın Şərq kəşfiyyat təşkilatlarının məhsuludur. Məqsəd Suriyada Bəşər Əsəd rejiminə ciddi dəstək verən İranın beynəlxalq terroru dəstəkləyən ölkə imicini yaratmaq ola bilər. Başqa bir güclü ehtimal isə bundan ibarətdir ki, kəşfiyyat orqanları siyasi rəhbərlikləri İrana qarşı hərbi əməliyyatlar olacaqsa, Tehranın region ölkələrini qarışdıra biləcəyi haqda xəbərdar edir.
azadliq.info