Vaşinqton Obamanın xəbərdarlığına məhəl qoymayan Pxenyan rejiminə ilk zərbəsini vurdu
Nüvə fəaliyyətindən dolayı Qərb ölkələrinin sərt xəbərdarlığı və qadağaları ilə üzləşən Şimali Koreya geri çəkilmək fikrində deyil. Rəsmi Pxenyan aprelin 12 və 16 tarixləri arasında orbitə süni peyk buraxmaq fikrində israrlıdır. ABŞ Pxenyan rejiminin geri addım atmamasına ilk cavabını verib. Ağ ev administrasiyası Şimali Koreyaya ərzaq yardımını dayandırıb.
Əlavə edək ki, ötən ay əldə olunmuş razılığa əsasən Şimali Koreya ABŞ-ın bu ölkəyə ərzaq yardımı müqabilində nüvə sahəsində fəaliyyətini qismən dondurmaq və raket sınağına moratoriuma razılıq vermişdi. ABŞ bundan əvvəl də Şimali Koreya raket sınağı keçirəcəyi halda göndərdiyi ərzaq yardımının dayandırılacağı barədə xəbərdarlıq etmişdi.
Dövlət departamentinin sözçüsü Viktoriya Nuland bildirib ki, ərzaq yardımının lazımi insanlara veriləcəyinə əmin olmadan birgə öhdəliklərə uyğun addım atılması çətin olacaq. ABŞ-ın müdafiə nazirinin Asiya və Sakit okeanı regionu üzrə köməkçisi Piter Lavoy isə Şimali Koreyanın gələn ay keçirməyi planlaşdırdığı raket sınağı Pxenyanın beynəlxalq öhdəliklərini yerinə yetirməkdən yayındığının göstəricisi olduğunu deyib.
Xatırladaq ki, peyk sınağı Şimali Koreyanın Komunist Partiyasının əsasını qoyan və hazırki liderin babası Kim İr Senin anadan olmasının 100 illiyinə həsr olunub. Pxenyan bunun elmi məqsəd daşıdığını iddia etsə də, qərb dövlətləri planın arxasında ballistik raket sınağının durduğunu düşünür. Şimali Koreya dövlət televiziyasının verdiyi məlumata görə, 100 kiloqram çəkisində olan peykin yalnız dinc və elmi məqsədlərə nəzərdə tutulduğunu göstərmək üçün xarici ekspertlər və jurnalistlər dəvət olunub.
azadliq.info