İran prezidentinin adı bank oğurluğuna dəstək verməkdə hallandırıldı
İran tarixində ən qalmaqallı və külli miqdarda bank oğurluğuyla bağlı yeni iddialar yayılıb. Olayı araşdıran qrupa daxil olan ölkənin Baş Müfəttişlik İdarəsinin rəhbəri Mustafa Purməhəmmədi bildirib ki, İranda baş vermiş böyük bank oğurluğuna prezidentin də dəstək verməsinə dair şübhələr var. İranlı rəsmi Livanın “khabaronline” saytına müsahibəsində deyib ki, ölkə başçısından tutmuş nazirlərə və bank müdirlərinədək bütün səlahiyyətli şəxslər oğurluq edən qrupu himayə ediblər.
Purməhəmmədi prezident və onun komandasını bank oğurluğunu həyata keçirənləri dəstəkləməkdə günahlandırıb:“Onlar bu oğurluğun həyata keçirilməsinə dəstək olublar. Odur ki, bank işinin araşdırılmasının qarşısını almaq üçün çox müqavimət göstərdilər. Bütün cəhdlərlə məsələnin üstünün açılmamasına çalışırdılar. Ölkənin iqtisadi-maliyyə sisteminin pozulacağını və böyük zərərə uğrayacağını bildirirdilər”.
İranın baş müəfəttişi əlavə edib ki, Milli Bankın sabiq rəhbəri Məhəmmədrza Xavəri qalmaqallı bank oğurluğuyla yanaşı digər iri korrupsiya və qanunsuz əməllərdə əsas iştirakçılardan biri olub. Qeyd edək ki, 2007-ci ildən başlayaraq ardıcıl şəkildə davam etmiş oğurluq nəticəsində ölkənin hökumət bankları sayılan “Saderat” bankından, İran Milli Bankından və daha bir neçə bankdan 3 milyard dollar mənimsənib. Milli Bankın icraçı direktoru Mahmudrza Xavəri istefaya gedib. Bu istefa bank oğurluğunun üstü açılandan az sonra baş verib. Mahmudrza Xavərinin hazırda Kanadada olduğu bildirilir.