Milli Şuranın sədri Cəmil Həsənli Konstitusiyaya təklif edilən dəyişikliklərdə prezidentin parlamenti hansı hallarda buraxa biləcəyini nəzərdə tutan müddəalardan biri haqqında yazıb. C.Həsənli feysbuk səhifəsində paylaşdığı yazıda göstərir ki, dəyişikliklər baş tutsa, Milli Məclis Mərkəzi Bankdan aşağı hüquqa malik olacaq:
“İyulun 25-də Konstitusiya Məhkəməsində təsdiq ediləcək Referendum Aktının layihəsində maraqlı bir məqam var. Orada göstərilir ki, Azərbaycan Respublikası Milli Məclisinin eyni çağırışı bir il ərzində iki dəfə Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda üzvlüyə namizədləri iki dəfə təqdim edildikdən sonra, qanunla müəyyən edilmiş müddətdə təyin etmədikdə Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Milli Məclisini buraxır. Buradan aydın olur ki, Mərkəzi Bank və onun İdarə Heyyətinin üzvləri Milli Məclis və onun deputatlarından daha üstün hüquqa malikdir. Göründüyü kimi, hakimiyyət bölgüsünə görə “müstəqil” sayılan və ümumxalq səsverməsi yolu ilə “müstəqil” formalaşmalı olan qanunverici orqan hansı gülünc duruma salınır”.