Övladlar müxtəlif qanunsuz yollarla atadan miras qalmış əmlakların əllərindən alındığını bildirir
Bakının Xətai rayonu, S.Ə.Şirvani küçəsi, mənzil 129 ünvanında yaşayan Sevinc Məmmədova iki bacısı və bir qardaşı ilə uşaq yaşlarından anasız qalıb. Bir müddət əvvəl atasını da itirən Sevinc Məmmədova ondan miras qalmış əmlakların övladlarının əlindən aldığını bildirir və qanunla onlara çatası haqqa sahib ola bilmək üçün dövlət başçısı və digər müvafiq strukturlardan kömək istəyir. O, dövlət orqanlarına ünvanladığı şikayət məktubunun surətini “Azadlıq”a da göndərib. Sevinc Məmmədova yazır:
“Atam Nəriman Məmmədov şəxsi fermer təsərrüfatlarının təsisçisi, icarəçisi olmaqla, digər sahədə də sahibkarlıq fəaliyyətilə məşğul olub. Anamız 1986-cı ildə vəfat edəndən sonra üç bacı və bir qardaş kiçik yaşlarında anasız qaldıq. Atamız sonradan Bəsti Məmmədova adlı qadınla nikaha daxil oldu. 2014-cü ildə isə atam kəskin ürək çatışmazlığından vəfat etdi.
Atamız yaşadığı müddətdə bir neçə binalar tikdirib. Mülkiyyətində olan əmləklarla yanaşı, bir sıra başqa əmlakları da icarə müqaviləsi əsasında əldə edərək, onların istifadəçisi və sahibi olub. Lakin son illərdə səhhətilə əlaqədar mülkiyyətində olan bəzi əmlakları, obyektləri, torpaq sahəsini, fermer təsərrüfatını idarə etmək iqtidarında olmadığından, bir neçə nəfərə yazılı və şifahi müqavilə və ya əqd şəklində icarəyə verib. Onun vəfatından sonra ikinci həyat yoldaşı Bəsti Məmmədova bacısı, qardaşı və kəndli təsərrüfatını müqavilə əsasında idarə edən maraqlı şəxslə əlbir olaraq, vərəsələr arasında bölünməli olan daşınmaz əmlakların bölünməsinə maneçilik yaradıblar. Bu barədə hüquq-mühafizə orqanlarına müraciət edərək sənədlərin kimlər tərəfindən saxtalaşdırıldığının müəyyənləşdirilməsini, həmin şəxslərin cəzalandırılmasını istəmişik. Məmələn, miras qalan evi vərəsələrin xəbəri olmadan analığımız gizli şəkildə öz bacısına bağışlayıb. Analığımızın qardaşı Fəxrəddin Məmmədov atamızın olmamasından istifadə edərək, bizə qarşı dəfələrlə təzyiq göstərərək, xəsarətlər yetirib. Mülk adı çəkdiyimiz təqdirdə isə, bizi öldürməklə, şərləyib tutdurmaqla hədələyib. Bu bacı-qardaşların miras əmlaklarının öz aralarında bölüşdürülməsinə də nail olublar. Fəxrəddin Məmmədov Yevlaxın Xaldan kəndində atamızdan miras qalan evin bütün qapılarının qıfıllarını qıraraq, yenisi ilə əvəzləyib və bizi ata yurdundan didərgin salıb. Bütün bunlara son qoymaq, əmlak və mülklərin vərəsələr arasında bölünməsi üçün notariat kontoruna müraciət edib pay bölgüsünü ədalətli şəkildə aparmaq istədik. Lakin qarşı tərəf müxtəlif bəhanələrlə bundan imtina edərək bildirdi ki, bütün əmlaklar və mülklər onlarındır.
Hətta Fəxrəddin Məmmədov 27 sentyabr 2014-cü ildə şillə-yumruq, təpiklə zərbələr endirərək məni döyüb. Bu faktla bağlı rayon polis şöbəsinə şikayət ərizəsilə müraciət etmişik. Araşdırmalar aparılsa da, yekunda Inzibati Xətalar Məcəlləsinin müvafiq maddəsini tətbiq etməklə, inzibati protokol, qərar qəbul edilib. Lakin qanunla nəzərdə tutulan müddət ərzində icra edilmədiyindən, o, inzibati məsuliyyətə də cəlb edilməyib. Başqa vərəsələr notariusun çağırışına gəlmədiyindən, mülklərin iki vərəsə arasında bölünməsilə bağlı Yevlax rayon məhkəməsinə iddia ərizəsilə müraciət etmişik. Məhkəmə işi hərtərəfli araşdırmayıb və qanunsuz qətnamə qəbul edib. Həmin qətnamənin ləğv edilərək işə ədalətli baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə müraciət edəcəyik. Xahiş edirik, bu işin apellyasiya və digər instansiyalarda araşdırılaraq ədalətli qərarların qəbulu üçün bizə kömək edin”.
Sosial şöbə