“Müsəlman Qardaşları”n lideri ilginc açıqlama verib
Suriyada fəaliyyət göstərən və 40 ildir hazırkı rejimə müxalifətdə olan “Müsəlman Qardaşları” hərəkatının lideri Məhəmməd Şukfa Bəşər Əsəd hakimiyyətinə qarşı xalq etirazlarıyla bağlı önəmli açıqlamalar verib. Şukfa almaniyalı jurnalistə müsahibəsi zamanı Əsəd rejiminin bir ildən çox davam edən etirazlara baxmayaraq, hələ devrilməməsini İsrailin onu dəstəkləməsiylə əlaqələndirib.
Məhəmməd Şukfa
“İnqilabın əvvəllərində Bəşər Əsədin əmisi oğlu Ramı Mahluf İsrailin təhlükəsizlik və sabitliyinin Suriya hökumətinin davamlılığına bağlı olduğunu söyləmişdi. Bu, Əsəd rejiminin İsrail tərəfindən dəstəkləndiyinə işarədir. İsrail Suriya hökumətindən təhlükə olmayacağına əmindir. Heç kim Golan təpələri və ya başqa bir məsələ üçün İsraili narahat etmir. Bu səbəblə İsrail Əsəd rejimini müdafiə edir və rejimi dəstəkləyir”, – deyə Məhəmməd Şukfa bildirib.
“Müsəlman Qardaşları”nın lideri onları mühafizəkar dini dəyərləri yenidən Suriyaya qaytarmaq istəməkdə günahlandıranların yalnış fikirdə olduğunu deyib. Şukfa Suriyanın gələcəyinin onlar tərəfindən qurulacağını, ölkədə liberal dəyərlərin bərpa olunacağını və bütün cəhdlərin yalnız xalqın istəyiylə həyata keçiriləcəyini vurğulayıb.