Dünya Azərbaycanlı Gənclər Birliyi Azad Rəhimova nə üçün lazımdır?
Bir neçə gün öncə ölkə rəhbəri ötən ilin sentyabrında təmirə bağlanan Tofiq Bəhramov adına respublika stadionunda işlərin gedişi ilə tanış oldu. Stadionun yenidən qurulması üçün 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gənclər və Idman Nazirliyinə on milyon manat məbləğində vəsait ayrılmışdı. Buna səbəb isə hökumətin “Eurovison” yarışması üçün alternativ kimi respublika stadionunu təklif etməsidir.
Plana görə stadion elə hazırlanmalıydı ki, burada həm “Eurovsion” yarışması, həm də futbol üzrə ölkə çempionatının oyunları keçirilə bilsin.
Stadionun direktoru Akif Ismayılov da mətbuata açıqlamasında sözügedən məkanın “Eurovision” üçün alternativ arena olduğunu təsdiqləmişdi.
Lakin həmişəki kimi, yenə də büdcədən ayrılan pulların səmərəsiz olduğu ortaya çıxdı. Gənclər və idman naziri Azad Rəhimov Tofiq Bəhramov adına stadionun bu ilin mayında Bakıda keçiriləcək “Eurovision” müsabiqəsinə alternativ yer kimi hazırlanmasına dair fikirlərə münasibət bildirərək deyib ki, Avropa Yayım Birliyi alternativ variant kimi Heydər Əliyev adına idman-konsert kompleksini nəzərdə saxlayır. Məlumatlara görə, Avropa Yayım Birliyinin stadiondan imtina etməsi onun ciddi təmir olunması zərurəti aradan qalxıb. Bu isə kompleks təmirə ayrılan vəsaitin silinəcəyi ilə bağlı şübhələri artırıb.
Bundan başqa yenicə olaraq yaradılmış Dünya Azərbaycanlı Gənclər Birliyinin xətti ilə külli miqdarda vəsaitin də qaranlıq məqsədlərə sərf ediləcəyi barədə məlumatlar var. Bildirilir ki, artıq vəsaitin bölüşdürülməsi planı artıq hazırdır.
Bu arada onu da qeyd edə bilərik ki, Azad Rəhimov gənclər ili ilə bağlı xüsusi tədbirlər planı da hazırlayıb. Əslində burada əsas məqsədin yeyinti olduğunu bildirən mənbəmiz vurğulayır ki, Azad Rəhimov əgər həqiqətən də gənclərin və yaxud da idmanın qeydinə qalırsa, o zaman nədən bu gün keçmiş idmançıların əksəriyyəti quldurluqla məşğul olurlar: “Bu bir faktdır ki, məhz Azad Rəhimovun səriştəsizliyi səbəbindən başsız qalmış, artıq formasını itirmiş idmançıların əksəriyyəti quldurluqla məşğul olur, ən yaxşı halda, hansısa restoranda ”vışibala”lıq edirlər. Hər halda, nazir ilk növbədə onların sonradan da dövlətə hansısa formada xidmət etmələrinə şərait yarada bilərdi və ən azından dövlət büdcəsindən ayrılan vəsaitlərin bir qismi bu kimi işlərə sərf oluna bilərdi”.
Hikmət