Almaniya səfirliyi etirazlara cavab verdi
«Azərbaycan hakimiyyəti mədəni dünyanın gözündə çox biabırçı görünür»
Almaniyanın Azərbaycandakı səfirliyi bu ölkənin xarici işlər naziri Gido Vestervellenin Azərbaycana səfəri zamanı müxalifətlə görüşünə parlamentdə etiraz bildirilməsinə reaksiya verib. Səfirliyin mətbuat katibi Aytəkin Məhərrəmova mətbuata açıqlamasında parlamentdə baş verənlərdən xəbərdar olduğunu deyib: “Cənab Gido Vestervellenin Bakıda vətəndaş cəmiyyətinin təmsilçiləri ilə görüş keçirəcəyi barədə əvvəlcədən Azərbaycana rəsmi məlumat verilmişdi. Bu görüşlər Almaniya Xarici Işlər Nazirliyi tərəfindən Azərbaycanla razılaşdırılmışdı. Buna görə də parlamentdə belə etirazların səsləndirilməsinə əsas görmürük”.
A.Məhərrəmova bildirib ki, baş verənlərlə bağlı Almaniyanın Xarici Işlər Nazirliyi məlumatlıdır: “Amma biz səfirlik olaraq Almaniya Xarici Işlər Nazirliyinin adından mövqe bildirə bilmərik”.
Xatırladaq ki, parlamentin martın 16-da keçirilən iclasında Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı G.Vestervellenin müxalifətlə görüşünə kəskin münasibət bildirmişdi: “Mən soruşmaq istəyirəm ki, əgər Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov gedib Almaniyada desturuktiv qüvvələrlə Almaniyanın taleyini, daxili vəziyyətini müzakirə etsə, görək, bunu necə qarşılayarlar? Yaxşı, siz gəlmisiz, əvvəla beynəlxalq təşkilat tərəfindən mandatınız yoxdur. Siz Avropa Şurasının, BMT-nin, ATƏT-in təmsilçisi deyilsiniz, siz Azərbaycan kimi başqa bir ölkənin xarici işlər nazirisiniz. Gəlmisiniz bura, elə adamlarla, partiyalarla qapalı görüşlər keçirirsiniz ki, onlar ümumiyyətlə Azərbaycan haqqında dosyelər verirlər. Onlarda milli təəssüb hissi deyilən şey yoxdur. Daha çox tənqid elə, daha çox qərəzli yanaş, daha çox qonorar qazan prinsipi ilə fəaliyyət göstərirlər. Elə adamlarla görüşürlər ki, onlarda milli təəssübkeşlik hissi yoxdur. Biz buna qarşı ciddi şəkildə sözümüzü deməliyik, müqavimət göstərməliyik”.
Səfirliyin məlum açıqlamasından sonra Azərbaycan rəsmilərindən məsələ ilə bağlı növbəti reaksiya gəlib.
YAP-ın icra katibi Əli Əhmədov bildirib ki, Azərbaycanın daxilində olan müəyyən qüvvələr ölkəmizə təzyiq göstərmək istəyən qərəzli xarici dairələrin istəklərinin həyata keçirilməsində ucuz vasitəyə çevrilmiş olur. Almaniyanın xarici işlər nazirinin Bakıda bir neçə müxalifət nümayəndəsi ilə təfərrüatı açıqlanmayan görüş keçirməsi də buna əyani misaldır: “Biz demokratik bir cəmiyyət olaraq bu tipli görüşlərin, birincisi, əleyhinə deyilik, ikincisi isə, Azərbaycan bu cür görüşlərin keçirilməsindən hər hansı bir əndişə duymur. Açıq şəkildə qeyd etmək istəyirəm ki, bu cür primitiv üsullar vasitəsilə Azərbaycana təsir və ya təzyiq etmək mümkün deyil. Amma Azərbaycan daxilində ayrı-ayrı siyasi partiyalarda təmsil olunan insanların ölkəmizə qarşı təzyiq etmək istəyən, Azərbaycanın maraqlarına qarşı fəaliyyət göstərən qərəzli qüvvələrə dəstək vermələri bu mənada bizi narahat edir. Çünki bu prosesdə onlar azərbaycanlı kimi iştirak edir. Biz istəmərik ki, ölkəmizdə fəaliyyət göstərən hansısa qüvvələr anti-Azərbaycançı fəaliyyət həyata keçirən xarici qüvvələrin maraqlarının təmin olunmasında ucuz vasitəyə çevrilsin”.
Siyasi ekspert Rahim Hacıyev Almaniyanın Azərbaycana heç bir qərəzinin olmadığını, hakimiyyətdən sadəcə götürdüyü öhdəliklərə əməl etməyi tələb etdiyini deyir: “Son dövrlər Almaniya Azərbaycana çox ciddi maraq göstərməyə başlayıb. Bu vaxta qədər xarici siyasət sahəsində çox fəal olmayan Almaniyanın birdən-birə Azərbaycanda demokratiya və insan haqlarının vəziyyətinə diqqət ayırması hakimiyyəti son dərəcədə narahat edir. Hətta biz isterikanın şahidi oluruq. Hakimiyyət öz mövqeyini cəfəng arqumentlərlə əsaslandırmaq istəyir. Bu hərəkətləri ilə Azərbaycan mədəni dünyanın gözündə çox biabırçı vəziyyətdə görünür. Azərbaycan hökuməti üzərinə xeyli sayda öhədlik götürüb. Almaniyanın xarici işlər nazirinin Azərbaycana gəlib kimlərləsə görüşməsinə belə reaksiya vermək qeyri-ciddilikdir. Bütün dünya, o cümlədən Avropa Azərbaycandan demokratik dəyərlərə hörmət etməyi tələb edir. Artıq demokratik dünya Azərbaycanda insan hüquq və azadlıqlarının pozulmasına dözmək fikrində deyil. Əgər Almaniya Azərbaycan hakimiyyəti ilə hansısa korrupsioner sövdələşmələrə getsəydi, onların bu ölkəyə münasibəti çox yaxşı olardı”.
Hikmət