Parlament sədri prezidentin deputatları ələ salmasına etiraz etdi: «Insan öz sözünü daha səmimi və ədəbli tərzdə deyə bilər»
Iran parlamentinin sədri Əli Laricani prezident Mahmud Əhmədinejadın parlamentdə deputatların suallarını cavablandırarkən davranışına və danışıq tərzinə etirazını bildirib. Spiker deyib ki, prezident çıxışında işlətdiyi bir sıra sözlər deputatları narazı salıb. Laricaninin sözlərinə görə, Əhmədinejad suallara cavab verərkən elə sözlər və ifadələr işlədib ki, bunları səsləndirməmək də olardı: “Insan öz sözünü daha səmimi və ədəbli tərzdə deyə bilər”.
Əli Laricanı açıqlamasında Mahmud Əhmədinejadın deputatlara verdiyi cavablarının bəziləriylə razılaşmadığını bildirib: “Şəxsən hesab edirəm ki, bəzi sözlərin deyilməsi düzgün deyildi. Deputatların da narahat və dilxor olması buna görədir. Bəzi deputatlar deyirdilər ki, prezident gəlib bizi lağa qoyub”.
Xatırladaq ki, martın 14-də Iran prezidenti Mahmud Əhmədinejad parlamentdə sorğu-sual olunub. Əhmədinejad deputatların suallarına yarıciddi, yarızarafat cavab verib, faktiki parlamenti lağa qoyub. Prezidentə daxili və xarici, iqtisadi-sosial siyasətlə bağlı suallar ünvanlanıb.
Informasiya şöbəsi