Fuad Qəhrəmanlı: «İqtidarın bu cür reaksiyası sabahı ilə bağlı inamsızlığını göstərir»
Almaniya XIN başçısının Bakıda müxalifətlə görüşməsi hakimiyyətdə narahatlıqla qarşılanıb. Bu narahatlıq rəsmi KIV-də gedən məqalələrdən, hakimiyyət nümayəndələrinin açıqlamalarından da hiss olunur. Almaniyanın baş diplomatının bu addımına hakimiyyət nümayəndələrinin sərt reaksiyası iqtidarın özünəməxsus “arqumentləri” ilə əsaslandırılmağa çalışılır.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlının fikrincə, bu cür yanaşma ilk növbədə hakimiyyətin baş verən son olaylardan təlaşını, daxili narahatlığını göstərir. Bu cür yanaşmanın hakimiyyətlə cəmiyyət arasında böyük uçurumun olmasından irəli gəldiyini deyən F.Qəhrəmanlı vurğuladı ki, zaman keçdikcə bu qarşıdurma daha da dərinləşir. Bu isə öz növbəsində istər-istəməz ölkədə baş verənlərə qorxu ilə yanaşmanı ortaya qoyur: “Hakimiyyətin xarici diplomatların vətəndaş cəmiyyətinin təmsilçiləri, müxalifət liderləri ilə görüşmələrinə əsəbi reaksiya verməsi təfəkkürdən irəli gəlir. Hakimiyyətin məntiqincə, onların nəzarətindən kənar heç bir proses baş verməməlidir. Bu isə avtoritar yanaşmanın təzahürüdür”, deyən F.Qəhrəmanlının fikrincə, hakimiyyətin bu cür yanaşma sərgiləməsi eyni zamanda onu göstərir ki, Azərbaycan iqtidarı ciddi beynəlxalq təzyiqlərə baxmayaraq, islah olunmayıb. F.Qəhrəmanlı onu da bildirdi ki, iqtidarın başqa bir narahatçılığı müxalifət təmsilçilərinin beynəlxalq təşkilatların təmsilçiləri ilə görüşləri zamanı ölkə reallıqlarının müzakirə olunmasıdır. Çünki bu zaman Azərbaycanda insan haqlarının pozulması, korrupsiya halları, özbaşınalıq beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılır: “Hakimiyyət bu təbliğatını aparan zaman mövqeyini belə əsaslandırmağa çalışır ki, Azərbaycan reallıqlarının dünya birliyinin diqqətinə çatdırılması vətənpərvər yanaşma deyil. O zaman sual oluna bilər ki, əgər hakimiyyət həqiqətən də vətənpər mövqedən çıxış edərək ölkənin imici barəsində düşünürsə, o zaman niyə insan haqlarını pozur, ölkənin adını korrupsiyalaşmış dövlətlər sırasında birinci edir? Bu cür siyasət davam edəcəyi təqdirdə Azərbaycan hakimiyyəti həm cəmiyyət, həm də beynəlxalq birliklə münasibətlərini gərginləşdirəcək. Bu isə öz növbəsində hakimiyyətin təcridinə aparır. Hakimiyyət bu cür siyasəti ilə təməllərini daha da laxladır. Bu, eyni zamanda iqtidarın təlaşını və sabahı ilə bağlı inamsızlığını göstərir”.
Hikmət