Ekspertə görə, böhrana qədər bankların aqressiv və məsuliyyətsiz kredit siyasəti bu cür sonluğu zəruri edirdi
Azərbaycan banklarının istehlak krediti portfeli azalmaqda davam edir. Iyunun 1-nə ev təsərrüfatlarına verilən kreditlər 6 milyard 932,7 min manata düşüb.
Mayda ev təsərrüfatlarına verilən kreditlər 252,7 milyon manat, ilin əvvəlindən ötən 5 ay ərzində isə 1 milyard 450,9 milyon manat azalıb. Ev təsərrüfatlarına verilən kreditlər cəmi kredit qoyuluşlarının 38,1%-ni təşkil edib.
Mərkəzi Bank daşınmaz əmlakın tikintisinə və alınmasına (ipoteka krediti daxil olmaqla) verilən kreditləri də ev təsərrüfatlarına verilən kreditlərə daxil edir. Bu kreditlər ilin əvvəlindən, demək olar, yerində sayır. Daşınmaz əmlakın tikintisinə və alınmasına verilən kreditlər mayda 3,2 milyon manat artaraq 1 milyard 573,5 milyon manata çıxıb. Bu kreditlər ilin əvvəlindən bəri cəmi 31,1 milyon manat artıb.
Ev təsərrüfatlarına verilən kreditlərdən daşınmaz əmlakın tikintisinə və alınmasına verilən kreditlər çıxldıqda qalan kreditlər istehlak kreditləri sayılır. Belə kreditlər iyunun əvvəlində cəmi 5 milyard 359,2 milyon manat olub.
Iyun ayının 1-nə cəmi kredit qoyuluşları 18 milyard 197,1 milyon manatdır.
May ayında “sənaye və istehsal” sektoruna verilən kreditlər cüzi – 3,7 milyon manat artaraq 1 milyard 212,5 milyon manata qalxıb.
Mayda “Ticarət və xidmət”, “Energetika, kimya və təbii ehtiyatlar”, “Kənd təsərrüfatı və emal”, “Inşaat və əmlak”, “Nəqliyyat və rabitə” sektorlarına verilən kreditlərdə azalmaqda davam edib.
İqtisadiyyata da kredit qoyuluşu azalıb
Azərbaycan iqtisadiyyatına məcmu kredit qoyuluşlarının həcmi buÿilin iyunun 1-nə 21 206,5 mln. manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankının (AMB) yaydığı məlumata görə, iqtisadiyyata kredit qoyuluşlarının həcmi ilin əvvəlindən 3 374,4 mln. manat və ya 13,72%, mayın 1-nə nisbətən isə 529,7 mln. manat və ya 2,43% azalıb. Iqtisadiyyata kredit qoyuluşları ötənÿilin analoji dövrü ilə müqayisədə 1 287,9 mln. manat və ya 5,72% azalıb.
Ötən ilin dekabrında baş verən ikinci devalvasiya nəticəsində dollar kreditləri yanvarda məcmu kredit qoyuluşlarını artırıb. Lakin yanvar-may aylarında kredit qoyuluşları azalma tendensiyasını davam etdirib. Buna səbəb kimi bank sektorunun kreditləşməni dayandırması və dövlət investisiya qoyuluşlarının azalması göstərilir.
Iqtisadçı Samir Əliyev hesab edir ki, əslində bankların bu cür vəziyyətlə üzləşəcəyi gözlənilən idi. Çünki ölkədəki böhrana qədər bankların aqressiv və məsuliyyətsiz kredit siyasəti apardığını deyən S.Əliyev bilidirdi ki, beynəlxalq reytinq agentlikləri də vurğulayırdı ki, bank sektorunun kredit portfeli kiçik qrupun əlindədir: “Beynəlxalq təşkilatlar vurğulayırdılar ki, bankların məsuliyyətsiz şəkildə kredit verməsi gələcəkdə onların baş ağrısına çevrilə bilər. Əvvəl neft var idi. Maliyyə olduğundan bu problemlər üzə çıxmırdı. Sonra maliyyə problemləri yarandı. Nəticədə istehlak kreditləşməsi sahəsində oturuşmuş bir sıra bankların kreditlərinin geri qaytarılması ilə bağlı problemlər yarandı. Neftin qiymətinin düşməsindən sonra bu sahədə yaşanan problemi devalvvasiya daha da dərinləşdirdi”. Iqtisadiyyatın həm kreditləşməsinin, həm də istehlak kreditlərinin azalmasının təsadüfi olmadığını deyən S.Əliyev bildirdi ki, Mərkəzi Bankın istehlak kreditlərinin verilməsinə yeni qaydalar tətbiq etməsi onların alınması şərtlərini çətinləşdirdi. Eyni zamanda aylıq ödənişlə müştərinin aylıq qazancı arasında bir asılılıq yarandı. Bundan başqa, palatanın bir ay müddətinə xarici valyutada verilən kreditləri dayandırmasını da nəzərə almaq lazımdır: “Iqtisadiyyata kredit qoyluşunun azalması isə onunla bağlıdır ki, bu gün bir tərəfdən iqtisadi aktivlik aşağı düşür, əhalinin alıcılıq qabiliyyəti azalır. Digər tərəfdən, sahibkarlar dollar kreditlərini qaytarmaqda çətinlik çəkir. Nəticədə sahibkarlar yeni kredit əldə edə bilmirlər. Bu amillər, devalvasiyanın vurduğu zərbələr kreditləşməyə təsirsiz ötüşmədi. Yaxın zamanlarda bu sahədə azalmanın davam edəcəyini söyləmək olar”.
Xəyal