Vətəndaşdan 25-30 faiz gəlir götürənlər ölkənin milyardlarını cüzi faizlərlə havaya sovururlar
Dəfələrlə yazmışıq ki, mövcud hakimiyyətin bütün fəaliyyəti neft pulları ətrafında “dövrə” vurmaqdan ibarət olub. Yəni Allahın bu ölkəyə bəxş etdiyi qara qızılı satıb özləri üçün sarı qızıl yığıblar. Beləliklə, 120 milyard neft pulu talan edilib və bu gün yeraltı-yerüstü sərvətlərlə zəngin olan ölkə aciz duruma düşüb. Dövlətin xarici borcu sürətlə artır, vətəndaşın həyat şəraiti sürətlə pisləşir və bu təhlükəli tendensiyanın durdurmaq üçün hökumətin heç bir adekvat addımı yoxdur.
Bəli, ən dəhşətlisi budur ki, hökumət qeyri-neft sektorunu inkişaf etdirməməklə yanaşı, neftdən gələn pullardan da səmərəli istifadə edə bilməyib. Bu pulların böyük bir hissəsi mənasız layihələrə xərclənib, ofşor hesablarda saxlanılıb. Ən dəhşətlisi isə budur ki, ARDNF-in pulları aşağı fazlərilə dövriyyəyə buraxılıb və bu pulların gəlirlilik faizi çox cüzi olub. 2015-ci ildə ARDNF-in ümumi investisiya portfelinin baza valyutasının məzənnə təsiri nəzərə alınmadan gəlirliliyi 1,24% təşkil edib. Bu barədə Fondun 2015-ci il üzrə hesabatında deyilir. 2014-cü ildə investisiya portfelinin gəlirliliyi 1,52% təşkil etmişdi. Fond ən yüksək gəlirliliyə 4,49% ilə 2007-ci ildə nail olmuşdu.
Göründüyü kimi, ARDNF-in gəlirliliyi ildən-ilə aşağı düşüb və neft milyardları səmərəsiz şəkildə dövriyyəyə buraxılıb.
Məsələ burasındadır ki, bu gün 2.5 milyon ölkə vətəndaşı banklara 25-30 faizlə kredit ödəyir. Hökumət ölkə xaricinə aşağı faizlərlə milyardlarla kredit verdiyi halda, ölkə daxilində vətəndaşı yüksək faizlərlə sınağa çəkir. Eyni zamanda ARDNF-in cüzi faizlərlə dövriyyəyə buraxdığı pullar müxtəlif ölkələrdəki devalvasiya nəticəsində ciddi dəyər itirir.
Amma bu pullar normal faizlərlə ölkə vətəndaşına verilsəydi, həm vətənədaşın yükü azalar, problemlər asanlıqla həll olunar, həm də dövlətin pulları dəyər itirməzdi. Bəli, bu gün problemli kreditlərin həcminin artmasının, vətəndaşın ağır vəziyyətə düşməsinin əsas səbəbi hökumətin maliyyə siyasətinin şikəst olmasıdır. Fakt budur ki, hökumət neft pullarını xarici ölkələrdə əritməyə razı olduğu halda, vətəndaşa sərf etməyə imkan yaratmayıb.
Yuxarıda da qeyd etdyimiz kimi, vətəndaşa normal faizlərlə verilən vəsaitin batmaq ehtimalı yoxdur. Vətəndaş çətinliklə yüksək bank faizlərini qaytarırsa, aşağı faizlərlə olan borcu daha asanlıqla qaytara bilərdi.
Bir sözlə, “biz dünyaya yol göstəririk” deyən hökumətin milyardları cəmi 1.24 faiz “yol” qət edə bilib. Səriştəsizliyin, bacarıqsızlığın, anti-milliliyin buynuzu olmur ki. Bunlar vətəndaşa neft pullarından pay vermək bir yana qalsın, vətəndaşa neft puluyla normal faizlərlə borc da vermədilər.
Bu qədər imkanları məhv etdikdən sonra hansı islahatdan danışmaq olar? 120 milyard neft pulunu gəlirə çevirə bilməyən hökumət, büdcənin boşaldığı, xarici borcdan asılılığın olduğu bir dövrdə inkişaf yarada bilməz.
Akif