Bəzi layihələrin pulu hələ də köçürülməyib; şirkət rəhbərlərindən infarkt keçirəni var
Bu günlərdə Qəbələdə Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolu istifadəyə verilib. “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti bu haqda xəbər və videogörüntünü iyunun 22-də rəsmi saytında yerləşdirib.
Xəbərdə deyilir ki, yolun yenidən qurulması regionların 2014-2018-ci illərdə sosial iqtisadi inkişafı dövlət proqramı çərivəsində “Azəravtoyol” tərəfindən aparılıb. Avtomobil yolunun uzunluğu 12,2 kilometr, eni 6 metrdir.
İyunun 24-də, yol istifadəyə veriləndən iki gün sonra prezidentin rəsmi saytında elə bu yolun tikintisi ilə bağlı sərəncam yerləşdirilib. Sərəncamla prezidentin ehtiyat fondundan “Azəravtoyol” ASC-ə 5,2 milyon (beş milyon iki yüz min) manat ayrılır.
Inşası bitmiş yola açılışdan sonra vəsait ayrılması iqtisadçı Azər Mehdiyevin gözündən yayınmayıb.
O, bir neçə gün əvvəl bu yoldan keçdiyindən prezidentin sərəncamı çıxınca iqtisadçıda sual yaranıb – necə olur ki, yol istifadəyə verilir, ancaq tikintisinə vəsait ayrılması ilə bağlı sərəncam sonra verilir?
“Əvvəllər heç vaxt o yolu getməmişdim. Gördüm ki, yol tamamilə yenicə asfaltlanıb, xətlənib, hər şey qaydasındadır. Artıq istifadəyə verilmiş yoldur. Bildiyim qədər, bu, yeganə hal deyil, belə hallar geniş yayılıb. Fakt budur ki, yol salınıb. Istifadəyə veriləndən sonra vəsait ayrılır. Bu yolun salınmasında hansı vəsaitdən istifadə olunub, vəsaiti kim ayırıb, bütün bunlar hansı qaydada baş verib, bilinmir. Ortada olan odur ki, əvvəlcə iş görülür, sonra dəyəri ödənilir. Kommersiya strukturlarında belə iş olanda başa düşürəm. Ancaq dövlət qurumunda necə olur, mənim də təsəvvürüm yoxdur”, – deyə Azər Mehtiyev AzadlıqRadiosuna bildirib.
Həmin yolu əhatə edən kəndlərdən biri Yengicədir. Kəndin icra nümayəndəsi Xanlar Əzizov AzadlıqRadiosuna deyib ki, yol mayın 28-də istifadəyə verilib: “Bu yol Nohurqışlaq-Tüntül-Yengicə kəndlərini biləşdirir. 2016-cı il mayın 28-də istifadəyə verilib. 13 kilometr yol tam yenidən çəkildi. Maliyyəşməsi necə olub, mən deyə bilmərəm. Yaxşı olar ki, pulun ayrılmasıyla bağlı icra hakimiyyəti ilə danışasız”.
Qəbələ rayonu icra hakimiyyəti başçısının, az qala, bütün müavinləri ilə əlaqə saxlasaq da, zənglərimizə cavab verən olmadı. Təkcə bir müavin, Ətayə Osmanova məsləhət gördü ki, bunu memarlıq və tikinti şöbəsindən soruşmaq lazımdır. Həmin şöbənin müdiri Təbriz Abdulxalıqovu gün ərzində yerində tapa bilmədik.
Maraqlıdır ki, Qəbələ rayon icra hakimiyyəti bu yolun açılması xəbərini iyunun 25-də yerləşdirib. Yəni prezidentin sərəncamı dərc olunandan bir gün sonra.
“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirdi ki, bu il qurum 40-a yaxın kənd yolunu təmir- bərpa etməlidir.
Bunların da siyahısı həm Prezident Administrasiyası, həm də rayon icra hakimiyyətləri ilə razılaşdırılıb tərtib olunub. Bu il ərzində həmin yolların təmiri mərhələ-mərhələ həyata keçirilməlidir. Anar Nəcəflinin sözlərinə görə, əsas məqsəd yolların təmiridir. Sərəncamın əvvəl və sonra verilməsinin fərqi yoxdur.
Azərbaycan hakimiyyətinin təcrübəsində bu cür hallar çoxdur. “Azadlıq”a daxil olan məlumata görə, xeyli layihə var ki, icra olunsa da, dövlət hələ də pul ayırmayıb. Şirkətlər faktiki olaraq işi nisyə görüblər. Hətta bəzi iddialar görə, bir neçə şirkət pulun ödənilməməsinə görə iflas edib. Bu məsələyə görə şirkət rəhbərlərindən infarkt keçirəni də var.