«Yüksək səlahiyyətli məmurlar sadə vətəndaşların adına müəssisələr açıb, kağız üzərində əməliyyatlar aparmaqla xaricə pul köçürürlər»
Hazırda 16 saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhbus Isa Vəliyev dövlət başçısı Ilham Əliyevə məmurların maxinasiyalarından bəhs edən məktub ünvanlayıb. Binəqədi rayon məhkəməsinin hökmü ilə 5 il 6 ay azadlıqdan məhrum edilən Isa Vəliyev prezidentə məktubunda yazır:
“Azadlıqdan məhrumetmə qanuna əsaslanmalıdır. Qanunu düzgün tətbiq etmədən həbs barədə məhkəmə qərarı çıxarılması sübutları obyektiv qiymətləndirməməklə edilən xəyanətə barəbardir. Cinayət işimlə bağlı hər üç instansiya məhkəməsində hakimlər obyektivliyə əməl etsəydi, külli miqdarda dövlət büdcəsindən mənimsənilən vəsaitləri dövlətə qaytarardılar. Əsas günahkarlar cəzalanar, mən qanunla bəraət alar, ya da uzağı, səhlənkarlıqda təqsirli bilinməklə cəzalandırılardım.
Yüksək səlahiyyətli məmurlar ailəsini dolandırmaq üçün istənilən yola getmək istəyən vətəndaşların adına açılan müəssisələr vasitəsilə kağız üzərində əməliyyatlar aparırlar. Müəssisələrin bank hesablarına pul köçürülərək saxta müəssisə rəhbəri hesab olunanlar vasitəsilə banklardan pul alıb xarici dövlətlərə ötürürlər. Fəqət bütün bunları ört-basdır edirlər.
Mənə qarşı tərtib olunan saxta ittiham aktı dövlət vəsaitinin mənimsənilməsinin açıq sübutudur. Deyəcəyim faktları şəxsən nəzarətə götürüb onu iştirakımla araşdırmaq üçün Milli Məclisin sədr müavini Ziyafət Əsgərova göstəriş verməyinizi xahiş edirəm.
2010-cu ilin iyun-oktyabr ayında Irandan qondarma “TAIS Produkt KO” MMC-nin adına Astara gömrük məntəqəsindən 28 min 684 ton sement idxal edilib. Mənim və təsisçinin iştirakı olmadan, imza etmədən sement alınıb-satılıb. 15 oktyabr 2010-cu ildə firmadan tranzit kimi istifadə edərək guya Qazaxıstandan gəmi ilə, dəmiryolu ilə gətirilən 6000 ton buğda alınıb. Bu əməliyyat da heç bir mal olmadan kağız üzərində aparılıb. Kağız üzərində aparılan və görmədiyim bu əməliyyatlara görə dövlətə 414 min manat əlavə dəyər vergisi ödəməliyəm. Buna görə məni həbs ediblər. Məhkəmədə işimə obyektiv baxılsaydı, məhkumluq həyatı yaşamazdım.
Cənab prezident! Səlahiyyətinizdən istifadə edərək şikayətimin nəzarətinizə götürülməsini, işin obyektiv araşdırılmasını xahiş edirəm”.
Sosial şöbə