Novruz Məmmədovun dediklərini Nalbandyan təkzib edir
Təəssüflər olsun ki, prezidentlərin Sankt-Peterburq görüşü Vyana görüşündən də biabırçı oldu. Təbii ki, biz bu görüşdən qucaq dolusu uğurlar, konkret addımlar, Azərbaycan hökumətinin masaya yumruq vurmasını gözləmirdik. Çünki, 23 illik danışıqlar prosesində hökumətimizin qətiyyətinə kifayət qədər bələd olmuşuq. Sankt-Peterburq görüşünün biabırçılığı tərəflərin bir-birini təkzib etməsində müşahidə olundu.
Belə ki, Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov görüşün uğurlu keçməsindən, tərəflərin razılığa gəlməsindən və mərhələli həll planının qəbul olunmasından danışmışdı.
Amma Novruz Məmmədovun açıqlamasınından az sonra Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan da mətbuata açıqlama verdi və Novruz Məmmədovun yalan danışdığını bildirdi: “Sankt-Peterburq sammitində Qarabağ münaqişəsinin həlli ilə bağlı hər hansı razılıq əldə olunmayıb. Məsələnin mərhələli həllinə gəlincə, onun əsasını, dəfələrlə deyildiyi kimi, ilk növbədə Dağlıq Qarabağın öz müqəddəratını təyin etməsinin və bu planı reallaşdırmasının Azərbaycan tərəfindən qəbul edilməsi məsələsi təşkil etməlidir. Novruz Məmmədov heç vaxt heç bir danışıqda iştirak etməyib. Bu mənada Sankt-Peterburq sammiti də istisna deyildi. Son görüşdə o yalnız işgüzar naharda iştirak edib, orada isə ancaq ATƏT-in ofisinin səlahiyyətinin genişləndirilməsi və təhqiqat mexanizmlərinin yaradılması məsələləri müzakirə olunub”- deyə Nalbandyan bildirib.
Nalbandyanın bu açıqlamasından sonra Novruz Məmmədov yenidən dilə gəldi və bunları söylədi: “Nalbandyan əvvəlki ampluasındadır. Mərhələli həll variantını dərhal paket variantı elədi. Görəsən, görüşün digər iştirakçıları qarşısında yalanına görə utanacaqmı? Mənim görüşdə iştirakıma gəldikdə isə – bəs düz qarşımda oturan o deyildi? Cənab nazir, yalan-yalan, bu lap ağ eləmək oldu axı”.
Göründüyü kimi ölkənin ən ağır, ən taleyüklü problemi üzərində qeyri-ciddi bir mənzərə yaranıb. Azərbaycan hakimiyyətinin yetkilisi “razılığa gəlmişik”, ermənistanlı nazir “heç bir razılıq əldə olunmayıb” söyləyir.
Indi biz kimə inanaq? Əgər mərhələli həll planında razılıq əldə olunmayıbsa, Novruz Məmmədov, Elmar Məmmədyarov, rəsmi təbliğat nəyi nəzərdə tutur? Yaxud, razılıq əldə olunubsa ermənistanlı nazir bunu niyə inkar edir?
Ilkin qənaətimiz budur ki, hökumətimizin diplomatiyası da analoqsuzluq mərhələsinə girib. Hələ özləri də anlamırlar ki, razılıq hansı məsələdə əldə olunub. Faktiki olaraq Ermənistan tərəfi Azərbaycan tərəfinin açıqlamasını rədd edir.
Digər tərəfdən bu görüşün yekunları ilə bağlı mətbuat konfransı keçirilmədi, rəsmi şəkildə bəyanat verilmədi və bu da razılığın əldə olunmasına dair deyilənləri şübhə altına alır. Görüşün konstruktiv keçməsi, ortaq məxrəcə gəlinməsi də məhz nəticə ilə bağlı hər iki tərəfin rəsmi bəyanatında özünü göstərə bilərdi. Amma bunun şahidi olmadıq.
Yaxşı olar ki, prezidentlərin növbəti görüşü təyin olunsun və kimin düz dediyinə aydınlıq gətirilsin. Yəqin ki, görüşdən hamı başı dumanlı çıxıb və hansı məsələdə razılıq əldə olunması yaddan çıxıb.
Ona görə də təcili ortaq məxrəcə gəlmək və Novruz Məmmədovu Nalbandyanın şərindən qurtarmaq lazımdır.
Bir versiyada var. Bəlkə, tərəflər razılığa gəlməmək barəsində razılığa gəliblər?
Akif