Avropa Birliyində qalıb-qalmamaqla bağlı qərar veriləcək
Bu gün Britaniyada tarixi referendum keçiriləcək. Ingilislər Avropa Birliyində (AB) qalıb-qalmamaqla bağlı qərar verəcəklər. Uzun müddətdən bəri gərgin müzakirə və mübahisələrə səbəb olan məsələyə aydınlıq gətiriləcək.
Üçüncü cəhd…
Bu, Birləşmiş Krallığın tarixində 3-cü ümummilli plebisitdir. 1975-ci ildə britaniyalılar ölkələrinin Avropa Iqtisadi Cəmiyyətindəki üzvlüyünü dəstəkləmiş, 2011-ci ildə isə milli seçki sistemindəki dəyişiklikləri rədd etmişdilər.
Referendum ərəfəsində ölkə əhalisi kütləvi şəkildə xarici valyuta alır. Bu barədə fəaliyyətinin əsas sahələri arasında valyutadəyişmə xidmətinin yer aldığı “Post Office” milli poçt xidməti məlumat yayıb.
Şirkətin məlumatına əsasən, istirahət günlərindən sonra valyuta satışının həcmi keçən ilin analoci dövrü ilə müqayisədə 74 faiz artıb. Avroya və ABŞ dollarına artan tələbat “Post Office”nin həm yerli filiallarında, həm də internetdəki valyutadəyişmə servisində müşahidə olunur.
Dünya iqtisadçıları referendumun nəticəsinə əsasən Böyük Britaniyanın Avropa Birliyindən çıxacağı təqdirdə funt-sterlinqin məzənnəsinin kəskin şəkildə aşağı düşəcəyini bildirmişdilər.
Iş adamları AB-dən çıxmağın əleyhinədir
Böyük Britaniyada fəaliyyət göstərən 1285 şirkət rəhbəri isə əhalini referendumda ölkənin Avropa Birliyindən çıxmasının əleyhinə səs verməyə çağırıb.
“Times” qəzetinin redaksiyasına Britaniya fond bircasının indeksinə daxil olan iri şirkətlərin nümayəndələrinin, həmçinin orta və kiçik müəssisə sahiblərinin imzaladığı məktub daxil olub. Məktubun müəllifləri arasında “Virgin Group” korporasiyasının banisi Riçard Brenson, “Bloomberg” agentliyinin təsisçisi Maykl Blumberq və başqaları da var.
Biznesmenlərin fikrincə, “Brexit” (Böyük Britaniyanın Avropa Birliyindən çıxması) ölkə iqtisadiyyatına mənfi təsir göstərəcək, Avropa ilə ticarət həcminin aşağı düşməsinə və iş yerlərinin ixtisarına gətirib çıxaracaq.
Baş nazir də narazıdır
Britaniyanın baş naziri Devid Kameron Avropa Birliyindən çıxmağın ölkə iqtisadiyyatı üçün çox ağır nəticələr yaradacağını bildirib. Baş nazir ölkənin AB-dən çıxmasının tərəfdarı olan konservatorlar Maykl Qouvu və Boris Consonu təşviqat kampaniyası zamanı həqiqətə uyğun olmayan bəyanatlar səsləndirməkdə günahlandırıb.
Ümumilikdə isə Birləşmiş Krallıqda Britaniyanın AB-dən çıxmasının əleyhdarları avroskeptikləri geridə qoymağı bacarıb. Aparılan sosioloji sorğuya əsasən respondentlərin 46 faizi Böyük Britaniyanın Avropa Birliyindəki statusunun saxlanılmasının tərəfdarıdır. Ölkənin AB üzvlüyündən çıxmasını isə 43 faiz dəstəkləyir. Fikirlərini tam olaraq müəyyən edə bilməyən vətəndaşların sayı isə 11 faizdir.
Ictimai rəy sorğusu iyunun 11-15-də, Britaniya parlamentinin deputatı Co Koksun rezonans doğuran qətlindən və bu hadisə ilə əlaqədar hər iki düşərgənin təşviqat kampaniyasını dayandırmaq barədə qərarından əvvəl 1064 respondentin iştirakı ilə keçirilib.
Deputat nəyin qurbanı oldu?
Xatırladaq ki, Leyborist partiyasının 41 yaşlı deputatı Co Koks iyunun 16-da Ingiltərənin şimalında, Lids yaxınlığındakı Bristol şəhərində hücuma məruz qalıb. Cinayətkar ona həm odlu silahdan bir neçə dəfə atəş açıb, həm də bıçaqla zərbələr endirib. Koks hospitala çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb, qətli törədən şəxs isə 52 yaşlı qatil C.Koksa hücum zamanı “Britaniya hər şeydən irəlidir” – deyə qışqırıb.
Ehtimal olunur ki, Koks məhz Britaniyanın Avropa Birliyindən çıxması istiqamətində apardığı fəaliyyətlərə görə hədəfə gəlib.
Leyborist Partiyası Britaniyanın Avropa Birliyindən çıxmasını istəyir və bu istiqamətdə təbliğat aparırdı. Deputatın qətlindən sonra partiya bu təbliğatı müvəqqəti dayandırdığını elanÿedib.
Britaniyada yaşayan azərbaycanlılar nə düşünür?
Maraqlıdır, Britaniyada yaşayan azərbaycanlılar ölkənin AB-dən çıxması barədə nə düşünür? Onlar referendumda necə səs vermək istəyirlər? BBC keçirdiyi rəy sorğusu ilə bu məsələyə aydınlıq gətirib.
Londonda yaşayan azərbaycanlı hüquqşünas Rauf Xəlilov: “Mən qalmağın tərəfdarıyam. Bütün ekspertlər deyirlər ki, çıxsaq, ölkədə iqtisadi böhran yaşanacaq. Çıxandan uzun müddətdən sonra bəlkə yaxşı olar, amma buna da təminat yoxdur”.
Londonda yaşayan azərbaycanlı bəstəkar Məmməd Ənsari: “Britaniya Avropa üçün Amerika qapısıdır. Amerika üçün də Avropa qapısı. Avropa Birliyindən çıxıb doğru siyasət yürüdərsə, daha önəmli rol daşıya biləcəyini düşünürəm. Fikrimcə, Britaniya Avropa Birliyindən çıxarsa, yerli əhali üçün daha çox iş fürsəti yaranacaq. Avropanın gələcəyini yaxın illərdə yaxşıya doğru getməsini görə bilmirəm. Bu səbəbdən çıxmağın xeyri zərərindən çox görünür”.
Londonda yaşayan azərbaycanlı Sevinc Rüstəmova: “Mən çıxmağın tərəfdarıyam. Böyük Britaniya bu halda iqtisadi cəhətdən udar. Həm də ölkənin qapısı pəncərəsi, gələni-gedəni qarşılayanı, yola salanı olar. Yoxsa indi bütün Avropa burdadı, hökumət də sayını-sanbalını bilmir”.
Şotlandiyada yaşayan azərbaycanlı Fuad Ələkbərov: “Mən qalmasına səs verəcəm. Çünki, Avropa Birliyi işçi haqlarını qoruyur və Şotlandiyanın maraqlarına cavab verir. Üstəlik çıxma tərəfdarlarının düzgün işləyən iqtisadi planı yoxdur”.