İqtisadi tənəzzül dövlətin büdcə gəlirlərini formalaşdıran mənbələrin 54%-ni təsir altına alıb.
Gəlir vergisi üzrə büdcəyə daxilolmalar bu ilin aprel ayında manatla ifadədə 53% azalıb (bu ilin yanvar ayı ilə müqayisədə). Mənfəət vergisi üzrə dövlət büdcəsinə ödənişlər 17% yüksəlsə də, çəkisinə görə ən böyük vergi növlərindən biri sayılan ƏDV üzrə büdcəyə daxilolmalar 30% enib. Sadələşmiş vergi növü üzrə dövlət büdcəsinə toplanan vəsaitin həcmində 34%-dən çox azalma qeydə alınıb. Torpaq və əmlak üzrə yığılan vergilərin həcmi də azalıb. “Digər daxilolmalar” kateqoriyası üzrə büdcəyə yönələn pulun məbləğində 67% azalma əmələ gəlib. May ayındakı vəziyyət daha acınacaqlıdır. (Detallı məlumat əldə edə bilmədiyimizə görə “may” göstəricilərinin real vəziyyəti haqqında məlumat verə bilmirik).
Mövcud vəziyyətin təhlilindən aydın olur ki, yanlış idarəetmənin gətirdiyi iqtisadi fəlakət böyüməkdə, illərlə bünövrəsi tökülmüş problemlər daha da kəskinləşməkdədir. İqtisadi fəal əhalinin mütləq əksəriyyətinin çalışdığı qeyri-neft sahələrinin çökməsi və daha da ağırlaşmağa doğru istiqamət alması maliyyə vəziyyətini daha da pisləşdirməklə sosial çətinliklərin yükünü sürətlə artırmaqdadır. Daha böyük sosial problemlərlə ötüşməyin rahat başa gələcəyini təsəvvür etmək isə çox çətindir. İctimai-iqtisadi-sosial həyatın bütün sahələrinə sirayət etmiş problemlərin yerindən tərpədilməməsi, dövlət büdcəsi üzrə nəzərdə tutulmuş öhdəlik və vəzifələrin yerinə yetirilmə imkanlarının sürətlə pisləşməsi vəziyyəti daha da çıxılmaz edir. Odur ki, heç olmasa, vəziyyətin daha da pisləşməsinin qarşısını almaq naminə, elə bu andan, vaxt itkisinə yol vermədən real islahatlara başlamaq lazımdır. Sabah çox gec olacaq.
Yazı iqtisadçı-ekspertin facebook səhifəsindən götürülüb.