Bir vətən, bir istiqlal mücahidi…
Azərbaycan mühacirət ədəbiyyatının tanınmış nümayəndələrindən biri Əbdülvahab Yurdsevərin yaradıcılığı bu ədəbiyyat nümunələri arasında xüsusi yer tutur.
Əbdülvahab Məmmədzadə (Yurdsevər) 1898-ci ildə Bakıda doğulub. 1905-ci ildə yeddinci “Rus-tatar” məktəbinə daxil olan Ə.Məmmədzadə sonralar orta təhsilini III Aleksandr adına şəhər gimnaziyasında başa vurub. 1911-ci ildə rus litseyinə qəbul edilib. O, həmin illərdə “Məhəmmədiyyə” adlı siyasi dərnəyin də sıralarına daxil olub. 1917-ci ildə isə Müsavat partiyasına üzv olub.
Əbdülvahab Yurdsevərin o illərdə müxtəlif mətbuat orqanlarında dövrün aktual siyasi məsələlərilə əlaqədar xeyli məqalələri çap olunub. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqda o, Nazirlər Şurasının dəftərxanasında tərcüməçi-dilmanc vəzifəsində çalışıb. 1920-ci il aprelin 27-də Azərbaycan XI ordu tərəfindən işğal edildikdə M.Ə.Rəsulzadənin göstərişilə işğalçılara qarşı Müqavimət Komitəsi yaradıldı. Komitənin sədrliyinə M.B.Yurdsevər, onun müavini isə Ə.Yurdsevər seçildi. Həmin ildə o, həmçinin Bakı Dövlət Universitetinin Fəlsəfə fakültəsində mədəniyyət tarixi və coğrafiyadan, N.Nərimanov adına texnikumda isə ana dili və mədəniyyət tarixindən dərs deyirdi.
Azərbaycanın Rusiya tərəfindən işğalından sonra Yurdsevər Rəsulzadənin yarıtdığı və Mirzə Bala Məmmədzadə, Cəfər Cabbarlı, Məmməd Sadıq Quluzadə, Məhəmməd Həsən Baharlının da daxil olduğu “Gizli Müsavat” təşkilatında təmsil olundu. Bu barədə Yurdsevər yazır:ÿ”27 aprelÿaxşamı Mirzə Bala ilə birlikdə Rəsulzadənin evinə gedərək məsləhətÿalmış, yoldaşlarımızdan Məmməd Sadıq Quluzadə və Məmməd HəsənÿBaharlı ilə birlikdə Cəfər Cabbarlının şəhər kənarındakı evində ilk gizli Partiya mərkəzini qurmağa qərar vermişdik”.
Yurdsevər 1923-cü ilə qədər müqavimət komitəsi sədrinin müavini vəzifəsində çalışır. Bu barədə Yurdsevər “Azərbaycan Istiqlal Savaşından səhnələr”ÿadlı kitabında yazır: “Partiya mərkəzi qurulduqdan sonra vəzifə bölgüsünə başlanması və komissarların təşkilinə keçilmişdi. Emin bəyin də razılığı ilə gizli təşkilatın başına Mirzə Bala Məmmədzadə gətirilmişdi. Müavini sifətilə Bakı Komitəsinin təşkili mənə tapşırılmışdı. Ümumi Mərkəzin Baş Katibliyinə isə Cəfər Cabbarlı seçilmişdi”.
“Gizli Müsavat” təşkilatının ən mühüm məqsədi Rəsulzadənin Rusiyadan qaçırılması idi. Bu barədə Yurdsevər yazırdı: “Müsavat Partiyasının gizli Mərkəzi Komitəsinin ən mühüm təşəbbüslərindən biri Rəsulzadəni Moskvadan qaçırmaq olmuşdur. Əvvəlcə bir yoldaş vasitəsilə, sonra isə sabiq parlament üzvü mərhum Rəhim Vəkilovu və Bakı hərbi təşkilatının rəisi doktor Dadaş Həsənzadəni bir qədər pul ilə Moskvaya göndərməklə Rəsulzadə ilə əlaqə yaradılmışdı.ÿRəsulzadəyəyə təklif olunmuşdu ki, elmi tədqiqat adı ilə Leninqrada getsin. Onun oradan tatar maarifçilərindən Musa Cərullah Bigeyavin yardımı ilə qayıqla Fin körfəzi üzərindən üzərək Finlandiyaya qaçırılması təmin edilmişdi. M.Ə.Rəsulazadə Finladiyadan Fransaya, oradan isə 1922-ci ildə Türkiyəyə gələrək birinci növbədə Müsavat Partiyasının xarici bürosunu təşkil etmiş və 1923-cü ilin iyunundan etibarən ”Yeni Qafqasya” məcmuəsini təsis etmişdir. M.Ə.Rəsulzadə Azərbaycandan gəlmiş mühacirləri bir mərkəzdə toplamaq üçün 1924-cü ildə Istanbulda Azərbaycan Milli Mərkəzini yaratmışdır”.
Həbsdən uzaq sürgünə…
1923-cü ildə Ə.Yurdsevər həbs edilir, 3 illik sürgünə məhkum edilərək Şimali Qafqaza göndərilir.
1926-cı ildə böyük çətinliklə Bakıya qayıdır. Lakin az bir müddətdən sonra yenidən həbs olunur. 11 il həbs cəzasına məhkum olunan Ə.Yurdsevər yenidən Yaroslavl düşərgəsinə göndərilir. O, burada məxfi sənədlər əldə edərək Özbəkistanın mərkəzi olan Daşkəndə köçür. Özbək maarifçiləri tərəfindən çox hörmətlə qarşılanan Ə.Yurdsevər qız məktəbində müəllim işləyir. Sonra o, Irana getmək üçün sərhədə yaxın olan Türkmənistanın mərkəzi Aşqabada köçür. Az sonra sərhədi keçərək Iranın paytaxtı Tehranda yaşayır. Alman, rus, ərəb və fars dillərini mükəmməl bildiyi üçün Ə.Yurdsevər Tehran hərbiyyə məktəbində alman dili müəllimi işləyir. Lakin Iranın paytaxtında çox qalmır. Həmin dövrdə Polşanın paytaxtı Varşavada fəaliyyət göstərən M.Ə.Rəsulzadə ilə əlaqə yaradaraq, 1936-cı ilin avqustunda həmin şəhərdə keçirilən Müsavat Partiyasının III qurultayına dəvət olunur. Varşavaya gəlib, həmin konfransda iştirak edən Ə.Yurdsevər sonrakı fəaliyyətini Polşada davam etdirir. 1939-cu ildə Polşa işğal edildikdən sonra o, Türkiyəyə köçməli olur. Türkiyədə Baş Nəşriyyat Idarəsində işləyən Ə.Yurdsevərin əsas vəzifəsi rus dilində çap olunmuş mətbuatı izləməkdən ibarət idi. O, bundan başqa, Türk radiosunun fars dilində verilişlərinə də rəhbərlik edib. Bununla yanaşı o, ali təhsilini başa vurmaq üçün Ankara Universitetinin hüquq fakultəsinə daxil olur.
1947-ci ilin sentyabrında M.Ə.Rəsulzadə Almaniyadan Ankaraya köçdü. Azərbaycan Milli Mərkəzi yenidən fəaliyyətə başladı. 1949-cu ildən Ankarada “Azərbaycan Kültür Dərnəyi”nin əsası qoyuldu. Bütün bu tədbirlərdə Əbdülvahab Yurdsevər fəal iştirak edirdi.
1950-ci ildə “Azərbaycan Kültür Dərnəyi” tərəfindən Ə.Yurdsevərin “Mirzə Fətəli Axundzadənin həyatı və əsərləri” adlı kitabı çap olundu. Ə.B.Yurdsevərin Xurşudbanu Natəvan, Cəfər Cabbarlı, Aşıq Ələsgər, Məhəmməd Hadi, Abbas Səhhət, Qasım bəy Zakir, Abbasqulu Ağa Bakıxanlı, Məhsəti Gəncəvi, Şah Ismayıl Xətai və s. kimi söz ustalarının həyat və yaradıcılığına dair araşdırmaları özünəməxsus yanaşma tərzi, ciddi mühakimələrilə diqqəti cəlb edir. Xurşudbanu Natəvanın acı, ağır taleyini, onun dəyərli irsini böyük məhəbbətlə qələmə alan Ə.Yurdsevər yazır: “Natəvan Azərbaycan
ədəbiyyatında sentimental-romantik şeir üslubunun bariz bir nümayəndəsidir. Şeirlərində incə bir lirizm, dərin və coşqun bir hiss və həyəcan sezilməkdədir. Yanıqlı qəzəlləri bir mərsiyə ruhunu daşımaqdadır. Göz yaşları, həsrət, Tanrıya yalvarmaq, ayrılıq iztirabları, ümidsizlik və şikayət bu şeirlərin başlıca mövzusunu təşkil etməkdədir. Natəvanın şeirlərindəki bu ruh haləti həyatında uğradığı fəlakətlərin nəticəsidir”.
Həyatının Ankara səhifəsi…
1951-ci ildə Ə.Yurdsevərin Ankarada “Azərbaycan Kültür Dərnəyi” tərəfindən “Azərbaycan Dram Ədəbiyyatı” kitabı çapdan çıxır. 1952-ci ilin aprelindən başlayaraq, “Azərbaycan Kültür Dərnəyi” Ankarada aylıq “Azərbaycan” jurnalı nəşr etdirməyə başlamışdı. Ilk saydan başlayaraq Ə.Yurdsevər Azərbaycan ədəbiyyatının görkəmli simaları haqqında məqalələrlə çıxış edib. Həmin ildə onun “Azərbaycan Kültür Dərnəyi” tərəfindən Ankarada “Azərbaycan şairlərindən Vaqif və Vidadinin yaradıcılığı” adlı kitabı çap olunur.
Qeyd edək ki, o, “Azərbaycan” jurnalının baş redaktoru vəzifəsini də icra edirdi.
Ə.V.Yurdsevərin jurnalın ardıcıl 3 nömrəsində verilən “Azərbaycan dram ədiblərindən C.Cabbarlı” adlı tədqiqat əsərində müəllif C.Cabbarlının həyat və yaradıcılığını addım-addım izləyir, əsərlərinin mövzusunu, ideya istiqamətini dəyərləndirir. Ə.V.Yurdsevər C.Cabbarlının sovet rejimi dövründə amansız təqiblərə, təhqirlərə, təzyiqlərə məruz qaldığını, bütün bu fiziki-mənəvi işgəncələrə rəğmən, “Sifarişlə sənət olmaz!” söylədiyini, elə buna görə də intihara məcbur edildiyini göz yaşı ilə yazır. O göstərir ki, Cəfərin ölümü ilə bağlı sovetlərin yazdıqları yalan, iftira və riyakarlıqdan başqa bir şey deyildir. Ə.V.Yurdsevər C.Cabbarlını “Azərbaycan dram ədəbiyyatının tacı”, “əli-qolu sovet zəncirləri ilə sıx-sıx bağlı bir düha”, “adını türk ədəbiyyatının qızıl səhifələrinə qeyd etdirmiş şair” deyə xarakterizə edir.
Istedadlı tədqiqatçı Ə.V.Yurdsevərin Məhəmməd Hadinin həyat və yaradıcılığı barədə məqaləsi maraqlı faktlarla zəngindir. M.Hadi irsini və şəxsiyyətini böyük məhəbbətlə araşdıran müəllif bu istiqlal şairinin vətən, millət sevgisilə dolu şeirlərini yüksək qiymətləndirir.
Ə.V.Yurdsevər ədəbiyyat tarixinin tədqiqi ilə yanaşı, digər mövzularda da maraqlı məqalələr yazırdı. Onun “Ərgənəqon bayramı”, “Atatürk və xaricdəki türklər”, “Təbii bir müttəfiq”, “Məhkum millətlər cəbhəsi”, “Fikirdə, sözdə, işdə birlik”, “21 Mart – Qurtuluş bayramı”, “23 Aprel – Milli hakimiyyət günü”, “Demokratların qayə birliyi”, “Sovetlərin din düşmənliyi” və s. onlarla məqaləsi Ə.V.Yurdsevərin istedadlı tədqiqatçı, həm də sözün böyük imkanlarından bacarıqla istifadə edən mahir publisist olduğuna dəlalət edir.
1959-cu il martın 8-də Mirzə Bala Məmmədzadənin vəfatı ilə əlaqədar Azərbaycan Milli Mərkəzinə Ə.Yurdsevər rəhbərlik edib. O, uzun müddət həm siyasi, həm də mətbu sahədə çalışıb, Azərbaycan mətbuatını mühacirətdə yaşadanlardan biri olub. Ə.Yurdsevərin “Azərbaycan” jurnalında nəşr edilən “Azərbaycan istiqlal savaşından səhnələr” əsəri yalnız tarixi-publisistik əhəmiyyətinə görə deyil, həm də XX əsrdə bolşevik işğalına qarşı mücadilə tariximizi öyrənmək üçün çox ciddi və faydalı bir mənbədir.
Tanınmış şəxsiyyət və mətbuat xadimi olan Əbdülvahab Yurdsevər 1976-cı il oktyabrın 7-də Ankarada vəfat edib.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir