İcra başçısı külli ixtiyarı müavininə verib, müavin isə rayonda əsl ailə hakimiyyəti qurub
Yardımlıdan “Azadlıq”a müraciət göndərilib. Məktub prezident Ilham Əliyevə və Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərova ünvanlanıb. Müraciətdə deyilir:
“Yardımlının icra başçısı Xəzər Aslanov rayonda kor atı minib köndələn çapır. Icra başçısı təyin olunanda onun qətiyyən savadı yox idi. Rayona rəhbər təyin olunanda qiyabi təhsil alırdı, amma burda müavini Mahir Mirzəyev dövlət vəsaitini talamağı ona elə öyrətdi ki, o indi əsl korrupsioner kimi tanınır. Bu şəxs hər işdə öz mənafeyini güdür və rayonda heç bir iş apara bilmir. Vəzifələri boş saxlayan icra başçısı öz adamlarına əvəzedici kimi tapşıraraq camaatdan rüşvət toplayır. Bu da əhalini nəinki başçıdan, məmur və dövlətdən narazı salır.
X.Aslanov M.Mirzəyevin diqtəsilə ƏƏSM rayon şöbəsinin bir qrup işçisini işdən azad edərək müdir vəzifəsini Mirzəyevin əmisi oğlu Akif Mirzəyevə, ünvanlı sosial yardım şöbəsini M.Mirzəyevin yeznəsi Samir Camalova tapşırıb. Ünvanlı yardım düşənə deyil, düşməyənə satılır.
8 aydır ƏƏSM Yardımlı rayon şöbəsinin müdir vəzifəsi boşdur, lakin bu günə qədər X.Aslanov və M.Mirzəyev öz maraqları naminə bu vəzifəni kimsəyə vermir. X.Aslanovun rayonda belə hərəkətlərinə F.Ələkbərov necə dözür? Nazirliyin yerli şöbəsində bu oyunlar gedirsə, onlar hara baxır? Görəsən, F.Ələkbərovun burda marağı nədən ibarətdir? Belə qərara gəlmək olur ki, nazir bu oyunlardan xəbərdardır və ağzı söz tutmayan bir şəxsə yerli şöbənin idarə edilməsini həvalə edib. A.Mirzəyev qəbuluna iş üçün gedənlərə deyir ki, başçı və ya M.Mirzəyev tapşırmasa, sənədləri qəbul etmək mümkün deyil. Bilmək olmur, bu, hansı qanuna uyğundur.
X.Aslanov vəzifələri hərraca çıxarmaqla Yardımlı əhalisinin böyük bir hissəsini işsiz qoyub. Yardımlı respublikanın ən kasıb bölgələrindən biridir. Camaatda pul olmadığına görə rayonda icra başçısı və müavininin fikriylə onlarca vəzifəni boş saxlayaraq qohumları vasitəsilə idarə edirlər. Ixtisasından asılı olmayaraq, pulu olan istənilən vəzifəyə sahiblənə bilər. Məktəb uşaqlarından tutmuş ahıl insanlara qədər hamı əziyyət çəkir, bircə X.Aslanov və M.Mirzəyevin qohumlarından başqa. Hətta M.Mirzəyev 1 saylı məktəbin yanacaq pulunu qışın sərt soyuğuna baxmayaraq, mənimsəyir və xarici ölkələrə istirahətə gedir. Bu fakta icra başçısı göz yumur, çünki rayondakı vəzifəli şəxslərin heç birinin uşağı Yardımlıda oxumur, onlara kasıbın uşağının soyuqda, şaxtada məktəbdə necə oturması maraqlı deyil. Sizə M.Mirzəyevin işləyən qohumlarının siyahısını təqdim edirəm:
Akif Mirzəyev- ƏƏSM-nin müdir əvəzi, əmisi oğlu
Vüqar Məmmədov- rayon polis şöbəsinin müavini, qaynı
Rakif Səlifov- idman idarəsinin rəisi, xalası oğlu
Ilham Abdulov- qaz idarəsinin mühəndisi, bibisi oğlu
Elman Ismayılov- meşə idarəsinin mühasibi, bacanağı
Asif Təhməzov- meşə idarəsinin inspektoru, bacanağı
Samir Camalov – ƏƏSM-nin mühasibi, yeznəsi
Elçin Mirzəyev- RIH-in müavini, əmisi oğlu
Cavid Rufullayev – kommunxozun rəisi, qaynı
Nəbi Mirzəyev- benzinkalonkanın müdiri, əmisi oğlu
Azad Nəzərov – təhsil şöbəsinin baş mühasibi, yeznəsi
Anar Alışov – Gənclər Idman Idarəsinin rəisi, qohumu
Xalıq Alışov – arxivin müdiri, qohumu
Əlhüseyn Alışov – şəhər bələdiyyəsinin sədri, qohumu
Ilham Rzayev- şəhər sovetinin sədri, yeznəsi
Iqbal Ağayev- telekomun rəisi, yeznəsinin qardaşı
Şahlar Əliyev- toxumçuluq idarəsinin rəisi, yeznəsinin qardaşı
Iradə Ismayılova – baxçada müavin, baldızı
Qoşqar Mirzəyev – qaz idarəsinin işçisi, əmisi oğlu
Vüsal Mirzəyev – təhsil şöbəsinin işçisi, əmisi oğlu
Mirzağa Mirzəyev- şəhər mərkəzində qanunsuz sahibkar, əmisi
Afiq Mirzəyev – şəhər mərkəzində qanunsuz bina zəbt etmiş sahibkar, əmisi oğlu
Əli Əliyev- torpaq şöbəsinin müdiri, bacanağı
Təbiət Səlifov- təhsil şöbəsinin inspektoru, xalasının qaynı.
Bu siyahını uzatmaq olar ki, onların adı yazılıb özləri isə işə getmir. M.Mirzəyev özünü Ziya Məmmədovun oğlu ilə müqayisə edərək Rusiyada dincəlməyə gedəndə, ayı ilə şəkil çəkdirir.
Sosial şöbə