Sürüşmə zonasında villa yerlərinin əksəriyyətini hazırkı icra başçısı Razim Məmmədov satdırıb
Üç gün başqa yerlərdə qalanlar evlərinə qayıtmağa məcbur oldular
Son 5 ildə artıq 3-cü dəfədir ki, Xətai rayonunun Gəncə prospekti ilə General Şıxlinski küçəsinin kəsişməsində sürüşmə baş verir. Sakinlər artıq üç gündür ki, başqa-başqa ünvanlarda gecələyirlər. Çünki…
Icra hakimiyyətinin işçiləri əraziyə baxıb gedirlər
Bir az əvvələ qayıdaq. Sonuncu dəfə sözügedən ünvanda sürüşmə bir həftə əvvəl olub. Uzunluğu 200 metr olan sürüşmənin diametri bu dəfə daha da genişlənmişdi. Vəziyyət o qədər təhlükəlidir ki, 63 və 65 saylı yaşayış binaları ilə yanaşı istinad divarlarda da iri çatlar yaranıb. Bir sözlə, torpaq qabarmaları o qədər böyükdür ki, yaşayış binaları hər an uça bilər. Vaxtilə təpəni qalxmaq üçün qurulmuş pilləkənlər torpaq altda qalıb. “Bir həftədir səksəkə içində yaşayırıq. Sürüşmə davam edir. Gecələr evlərdən səs gəlir”, – deyir sakinlər.
“Problemimizə baxan yoxdur. Rayon icra hakimiyyətinə müraciət etmişik. Ancaq bizimlə maraqlanmırlar. Icra hakimiyyətinin işçiləri əraziyə baxış keçirib gedirlər. Konkret söz demirlər. Artıq 4 gündür ki, küçələrdə qalırıq. Kimin Bakıda tanışı, qohumu varsa, ora gedir. Olmayan elə belə də qalır”, – deyir Atakişi Hüseynov.
Şıxlinski küçəsində yerləşən obyektlərdə də böyük çatlar əmələ gəlib. Dükan sahibləri deyirlər ki, problemləri qısa zamanda həll olunmasa, böyük ərazi torpaq altında qalacaq.
Sözügedən ünvanda ən güclü sürüşmə 1989-cu ildə olub. O vaxt 53 saylı binanın birinci mərtəbəsi torpaq altında qalıb.
Bir sot torpaq üçün 20-25 min manat
Son illər ərazidə saysız-hesabsız fərdi evlər və villalar tikilir. Məlumatlara görə, həmin evlərdə kanalizasiya xətti olmadığından, çirkli sular birbaşa sürüşməyə meylli əraziyə axıdılır.
Yaxın keçmişdə ərazidə Rusiyanın hərbi hissəsi olub. Sonradan ləğv olunduğundan Xətai bələdiyyəsi və icra hakimiyyəti ərazini satıb. Indi burada bir sot torpağın qiyməti 20-25 min manatadır. Lakin bu ərazi sürüşmə zonası olduğundan burada çoxmərtəbəli bina və villalar tikilə bilməz. Bununla bağlı mütəxəssis rəyi də var, ancaq bu rəyə fikir verən yoxdur.
Sakinlərdən aldığımız məlumata görə, Xətai rayon icra hakimiyyətinin başçısı Razim Məmmədovun gəlişindən sonra torpaq satışı daha da sürətlənib.
Onlar geri qayıtdılar…
Hadisə baş verən gün baş nazirin müavini Abid Şərifov, Bakı Şəhər Icra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov əraziyə baş çəkiblər. Hər iki binanı polis və FHN əsgərləri nəzarətə götürüb və binaya giriş-çıxış tam yasaqlanıb.
Razim Məmmədov mətbuata açıqlamasında sakinləri yerlə təmin edəcəyini deyib: “Bəziləri kirayə evlərdə, bəziləri isə hotellərdə yerləşdiriləcək”.
Günün sonunda məlum oldu ki, sakinlər evinə qayıda bilər. Bu barədə qərarı Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov açıqlayıb. O, sakinlərin evlərində yaşaya bilmələri barədə rəyə gəlindiyini deyib. Sürüşmə zonasında olan qrunt suyu son 2 gündə 2 metrədək azalıb. Yaşayış binalarına elektrik enerjisi və suyun verilişi bu gündən bərpa olunacaq. Təbii qaz isə sakinlər evlərinə tam yerləşəndən sonra veriləcək.
H.Abutalıbov sürüşmə təhlükəsi ilə əlaqədar ərazidə yeni tikilmiş 3 fərdi yaşayış evindən ikisinin söküləcəyini açıqlayıb.
Qeyd edək ki, qərar sürüşmə baş verən ərazidə baş nazirin müavini Abid Şərifov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Bakı şəhər Icra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və digər şəxslərin iştirakı ilə keçirilən müşavirədə qəbul olunub.
Ramin DEKO