Cümə axşamı Parisdən Qahirəyə yollanan EgyptAir təyyarəsi Misir hava məkanına daxil olarkən radarlardan yoxa çıxıb.
11 min metr yüksəklikdə uçan A320 iki qəfil manevrdən sonra dənizə düşüb.
Təyyarənin transponderləri bundan əvvəl məlumatların ötürülməsini dayandırıb.
Bəs görəsən təyyarə uçuşda ikən necə izlənilir.
Təyyarələrin izlənməsi
Kommersiya təyinatlı təyyarələr transponderlərlə təchiz olunur. Bu cihaz nəzarət mərkəzindən aldığı radio siqnalları avtomatik şəkildə geri ötürür.
Ən bəsit trasponderlər yalnız təyyarənin yüksəkliyini və 4 hərfli şifrəni ötürür. Bu arada radar stansiyaları davamlı daxil olan məlumatlar əsasında təyyarənin yeri, sürəti və uçuş istiqamətini müəyyən etməyə qadirdir.
Adətən radarın əhatəsi sahildən 150 mil (təqribən 240 km) radiusunda olan sahə ilə məhdudlaşır və onun kənarındakı təyyarələr biri-birilə və mərkəzlə təmasa qısadalğalı radiorabitə vasitəsilə girirlər.
Transponder söndürülərsə
Transponder siqnalının ötürülməsi dayandırılarsa, təyyarə göydə radiosiqnallar ötürən bütün obyektləri izləməyə qadir olan əsas radar vasitəsilə izlənilə bilər.
Əsas radar təyyarənin yalnız təxmini koordinatlarını görür.
Lakin onun mənsubiyyətini müəyyən edə bilmir və hazırda ehtiyat sistemi kimi istifadə olunur.
Təyyarələr GPS sisteminə malikdirmi?
GPS sisteminin (Qlobal Naviqasiya Sistemi) müasir həyatın ayrılmaz hissəsinə çevrildiyi bir vaxtda qlobal hava hərəkətinə nəzarət, demək olar ki, tamamilə radar sisteminə əsaslanır.
Pilotlar GPS sistemini xəritədə yerlərinin müəyyən edilməsi üçün istifadə edirlər, amma bu məlumat hazırda nəzarət mərkəzlərilə paylaşılmır.
Bəzi təyyarələrdə GPS ADS-B (Automatic Dependent Surveillance-Broadcast) peyk izləmə sisteminə bağlanır, lakin bu sistem bahalı olduğu üçün yalnız radar əhatəsindən kənar, ucqar bölgələrdə işlədilir.
Aviasiya üzrə ekspert Chris Yates deyir ki, bəzi saytlar GPS-ə əsaslanan ADS-B sistemindən istifadə edir və bunun sayəsində təyyarənin harada olduğunu onlayn rejimdə görmək mümkündür.
2020-ci ilədək ABŞ-da istifadə olunan bütün təyyarələr ADS-B sistemilə təchiz olunmalıdır. Güman edilir ki, bu, qarşıdan gələn 10 il ərzində radar izləmə sistemini əvəzləyəcək.
ACARS sistemi
2009-cu ildə Air France təyyarəsinin qəzaya uğramasından sonra hadisəni araşdıranlar ACARS sistemindəki mühüm məlumatı təhlil ediblər.
ACARS uçuş gedişatında mühərrikdən tutmuş ayaqyoluna kimi təyyarədəki sistemlərin işləməsini əks etdirən məlumatları nəzarət mərkəzinə ötürür.
Bu yerdəki xidmətlərə diaqnostika üzrə mühüm məlumat verir. Air France şirkətinə gəlincə isə ACARS sistemi sürət göstəricilərində nasazlığın olduğunu təsdiqləyib. Lakin 2014-cü il martında Hind okeanı üzərində yoxa çıxmış Malayziya Hava Yollarına məxsus Boeing 777 təyyarəsindən bu kimi məlumatlar daxil olmayıb.
Qara qutu
Qara qutularda GPS quraşdırılmır.
Suyun altına düşən kimi Qara qutu ultrasəsli siqnal ötürməyə başlayır. Lakin bu siqnallar yalnız məhdud məsafədə yayıldığı üçün axtarış aparanların hadisə yerinə yaxın olmaları mühüm şərtdir.
Beləki, Qara qutunun axtarışı uzun çəkə bilər. Air France şirkətinə məxsus təyyarənin Qara qutusu qəzadan iki il keçmiş dənizin dibində aşkar olunmuşdu.
(bbc azəri)