«Vərəsəlik payımın verilməsini xahiş edirəm, küçədə qalmaq istəmirəm»
Bakının Yasamal rayonu, Nəriman Nərimanov prospekti 94 ünvanında yaşayan Tamara Musayeva bir sıra dövlət orqanlarına ünvanladığı məktubun surətini “Azadlıq”a da göndərib. O, məktubunda xüsusən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən şikayətlənir:
“Yaşadığım ev mənə anam Rübabə Ibrahimovadan miras qalıb. Mən 1936-cı ildə keçmiş Sovetski küçəsindəki 94/122 saylı evdə doğulmuşam. Hazırda yuxarıda göstərilən ünvanda 15 nəfərlik ailə üzvümlə birlikdə yaşayıram. Lakin bizdən başqa da həmin ünvanda ögey bacım oğulları Adil və Lətif Osmanov qardaşları yaşayır. Onlar mənim adımı anamdan miras qalan evdən pozdurmaq üçün əllərindən gələni edirlər. Bu adamlar evin mülk kağızını ləğv etdirmək üçün məhkəməyə ərizə verərək məqsədlərinə nail olublar. Onların ərizələri 16 iyul 2015-ci ildə Bakı Apellyasiya Məhkəməsində hakim Cəmilə Səfiyeva tərəfindən təmin edilib. Hakim bizdə olan dəlil-sübutlara hüquqi qiymət vermədən 2002-ci ildə çıxarılan məhkəmə qərarını qanunsuz olaraq ləğv edib.
Qeyd edim ki, anam 1935-ci ildə atam Əliağa Ibrahimovla nikaha daxil olub. Atam 1945-ci, anam isə 1950-ci ildə vəfat edib. Əlimizdə olan və Rübabə Həbib qızı Ibrahimovaya aid ilkin mülk kağızının əsli ilə düz olması 1990-cı ildə notarius tərəfindən təsdiq edilib. Lakin həmin çıxarışın surəti 27 mart 1998-ci ildə məhz Rübabə Həbib qızı kimi verilib. Biz Daşınmaz Əmlakın Bakı Ərazi Idarəsinə müraciət edərək evin sahibəsinin Rübabə Həbib qızı Ibrahimova olduğunu, vəfat etdiyini və ölüm kağızında da ad-soyadının belə yazıldığını dedik. Lakin idarə əməkdaşları dedilər ki, yəqin ananız həyat yoldaşından boşanıb, ona görə də təkrar qeydiyyat vəsiqəsində soyadı göstərilməyib. Onların dediyindən belə çıxır ki, anam vəfat edəndən sonra boşanıb. Saxtakarlıq nəticəsində mənim və 15 nəfərlik ailə üzvümün hüquqları itirilib. Daşınmaz Əmlakın Bakı Ərazi Idarəsinin 27 fevral, 19 may, 6 avqust 2015-ci il tarixdəki sorğuya verdikləri cavaba əsasən, Tamara Əliağa qızının adı ilkin qeydiyyatdan keçib. 29 oktyabr 2014-cü il tarixdə idarənin sorğuya verdiyi cavaba əsasən, ilkin qeydiyyat tarixsiz aparılıb. Lakin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin əks tərəfə verdiyi cavabda göstərilir ki, mülk kağızı 1930-cu ilə aiddir. Ilkin mülk kağızında Tamara Xudaverdi qızı yazılıb. Reyestr Xidmətinin iki tərəfə verdiyi ayrı-ayrı cavabları necə izah etmək olar?
Mən hüquq-mühafizə orqanlarından və korrupsiya idarəsindən xahiş edirəm ki, bu işlə ciddi məşğul olsunlar. Mən 80 yaşlı qoca və çoxuşaqlı ana olan qızımın adından sizə üz tuturam. 8 nəvəmin və bizim müraciətimizə düzgün baxılmasını, mənə anamdan qalan 2 mərtəbəli, 11 otaqdan ibarət 274 kvadrat metrlik evdən vərəsəlik payımın verilməsini xahiş edirik. Biz küçədə qalmaq istəmirik”.
Sosial şöbə