Vergilər Nazirliyi ərköyün marketlərdən niyə çəkinir?
Rəsmi təbliğat bütün sahələrdəki uğurlardan, rəsmi statistika isə bütün sahələrdəki uğursuzluqdan xəbər verir. Illərdi bu ziddiyyətlərin əhatəsində yaşayırıq. Istənilən rəsmi açıqlamada sistemin ifşası, yarıtmazlığı, qeyri-şəffaflığı üzə çıxır.
Bugünlərdə belə bir açıqlama vergilər nazirinin müavini Sahib Ələkbərovdan gəldi: “Bəzi ərköyün supermarketlər var. Bunların bəzilərində xronometraj ölçmələr aparılıb və acınacaqlı nəticələr əldə edilib. 2015-ci ildə aparılan nəzarət tədbirlərinin gücləndirilməsi nəticəsində ödəmələr artıb. Ona görə bundan qıcıqlanır, ödəmək istəmirlər. 2016-cı ildə apardığımız təhlillər zamanı çox qəribə məsələlər ortaya çıxıb. Aparılan xronometraj müşahidələri zamanı məlum olub ki, iri marketlər faizlə yox, dəfələrlə dövriyyəni gizlədir. Artıq 3-4 dəfə dövriyyənin gizlədilməsi bizə adi hal kimi gəlir. Tanınmış iri supermarket şəbəkələrindən biri 15,4 dəfə, bir 19.3 dəfə, hətta 40 dəfə aşağı göstərənlər var, bunlar bizdən nə istəyir?”- deyə Sahib Ələkbərov bildirib.
Nazir müavinin bu fikirləri xeyli sayda əsaslı suallar yaradır. Əgər vergi ödəyicisi dəfələrlə öz dövriyyəsini gizlədibsə və nazirliyin bundan xəbəri olubsa, niyə hər hansı tədbir görülməyib. Belə bir hadisə dəfələrlə təkrarlanıbsa, araşdırma aparılmalı, həmin vergi ödəyicisi məsuliyyətə cəlb olunnmalı və cəzalanmalıdı. Əgər bu tədbirlər görülməyibsə, deməli həmin vergi ödəyicisi ilə başqa şərtlər daxilində razılığa gəlinib.
Daha sonra nazir müavini “ərköyün supermarketlər” ifadəsi işlədir ki, bu da olduqca həssas məqamdır. Bu ölkədə arxasında iri məmurların dayanmadığı heç bir supermarket ərköyünləşə bilməz. Deməli, yüksək vəzifəlilərə məxsus olan marketlər vergi ödəməkdən imtina edir və nazirlik də buna göz yummaq məcburiyyətindədir. Ölkədə qanunun aliliyi təmin olunmadığı üçün, şəxslər özü qanuna çevrildiyinə görə rəsmi qurumlar da öz missiyasını yerinə yetirə bilmir.
Nazir müavini qeyd edir ki, 3-4 dəfə dövriyyənin gizlədilməsi bizə adi hal gəlir. Ölkədə oğurluq, qanunsuzluq o qədər geniş miqyas alıb ki, kimlərinsə 3-4 dəfə dövriyyəsini gizlətməsi adi hala çevrilib. Bu həm də büdcənin qısırlaşdırılmasına xidmət edən məqamdır. Necə olur ki, Intiqam Əliyev, Anar Məmmədov, Leyla Yunus, Rəsul Cəfərov və digərləri “vergidən yayınma” ittihamıyla dərhal həbs olunur, bu adamlara heç bir güzəşt edilmir, amma ərköyün marketlər 40 dəfə dövriyyəsini gizlədir və buna reaksiya verilmir? Bu necə vergi siyasətidir ki, bir adamla qəpik davası aparır, amma o birinə külli miqdarda vəsaiti güzəşt edir? Vergilər Nazirliyi müxalif fikirli insanlara qarşı göstərdiyi tələbkarlığı, qətiyyəti 40 dəfə dövriyyəsini gizlədənlərə niyə göstərə bilmir?
Azərbaycan reallığında arxası iri məmurlara söykənməyən heç kim vergidən yayına, dövriyyəsini gizlədə bilməz. Əksinə, belə vergi ödəyicilərindən “qodovoy” haqq alınır. Sadəcə olaraq müəyyən qism adamlara məxsus obyektlər var ki, qanun tanımırlar. Nazir müavini də bu faktları açıqlamağa cəsarət etmədiyinə görə ümumi danışır. Bu ölkədə vergilər nazirliyi xeyli vergi ödəyiciləri üçün zəhərli ilana çevrilib, bu sahədəki süründürməçilik, qanunsuzluq hamını bezdirib. Qeyri-rəsmi ödənişlər, yüksək vergi cərimələri sahibkarları cana yığıb. Yəni, nazirliyin məsum cildə girməsinə ehtiyac yoxdur.
Sadəcə olaraq səslənən fikirlər ölkədəki real vəziyyəti ortaya çıxarır. Eyni adamlar həm büdcədən milyardlar mənimsəyir, həm də büdcəyə ödənişdən imtina edir. Yəni, ikiqat talançılıq baş verir. Əgər Vergilər Nazirliyi 30-40 dəfə dövriyyəsini gizlədən obyektlərin qarşısında aciz qalıbsa, deməli problem ən yüksək yerlərdən qaynaqlanır. Faktiki olaraq vergi siyasəti də iflic vəziyyətə düşüb və aparılan siyasət eybəcər vəziyyət yaradıb.
Samir