Fevralın 17-də Bakının mərkəzində, “Beşmərtəbə” adlanan ərazidə qəribə olay yaşanıb. Ərazidəki qəssabxanalardan birindən qaçan bir dana ətrafda qarışıqlıq yaradıb, bəzi dükanları dağıdıb, maşınları əzib.
Heyvanı saxlamaq üçün göstərilən səylər bir neçə saat ərzində nəticə verməyib. Onu tutmağa qəssabxana işçiləri və sakinlərlə yanaşı polislər də səy göstərib. Lakin həmin ərazidə heyvanı tutmaq mümkün olmayıb. Hürkmüş heyvan ərazidəki sakinlərə hücum çəkib, qorxan sakinlər özlərini qorumaq üçün açıq mağazalarda və digər obyektlərdə gizləniblər.
Heyvan ərazidəki apteklərdən də birinə zərər vurub. Aptek sahibi Afiq Qafarov ANS TV-yə bidlirib ki, dana 12 minlik gözyoxlayan aparatı və 700 manat dəyərində olan başqa bir cihazı sındırıb. Orada olan optik cihazlara ziyan dəyib.
Sonda heyvanı Nəsimi rayonu ərazisində tutmaq mümkün olub. Heyvan “təhlükəsiz şəhər” kameraları vasitəsilə nəzarətə götürülüb. Bu şəkildə onun yeri müəyyənləşdirilib və Nəsimi rayonu ərazisində tutulub.