Vaxtilə on il Azərbaycana rəhbərlik etmiş Vəli Axundovun anadan olmasının 100 illiyidir. Bu illərdə nə baş vermişdi? Ötən əsrin 60-cı illəri insanların və tarixin yaddaşında necə qalıb? Ədəbiyyatda, sənətdə, mədəniyyətdə, sosial və siyasi həyatda nələr olmuşdu? Vəli Axundovun özündən əvvəlki və özündən sonrakı rəhbərlərdən fərqli və oxşar cəhətləri hansılardır? Bütün bu suallara cavab almaq üçün tanınmış tarixçi alim, XX əsr tariximizin ən maraqlı salnaməsini yaradan professor Cəmil Həsənliyə müraciət etdik. Vəli Axundovun həyat hekayəsi və siyasi portret cizgiləri ilə bağlı onun hazırladığı yazıların dərcini davam etdiririk:
***
Axundov Şıxəli Qurbanovun neçə bacarıqlı və çılğın adam olduğunu yaxşı bilirdi. Şıxəli Qurbanov 1957-1961-ci illərdə Azərbaycan KP MK-nın təbliğat və təşviqat şöbəsinin müdiri kimi, milli ruhun oyanmasında və inkişafında fəal iştirak etmişdi. Vəli Axundov hakimiyyətə gələndən təxminən iki həftə sonra maraqlı bir hadisə baş vermişdi. 1959-cu il iyulun 25-də Ağdama xidməti ezamiyyətə göndərilən Şıxəli Qurbanov Bakını xəbərdar etmədən Dağlıq Qarabağ Muxtar Vilayətinin partiya komitəsinin katibi B.Ibrahimovun dəvəti ilə muxtar vilayətdə olmuş və geri qayıdarkən maşın sürət həddini aşdığından qəza baş vermişdi. Hadisə zamanı Şıxəli Qurbanov, B.Ibrahimov və sürücü yaralanmış, onların olduğu “Pobeda” maşını tamamilə sıradan çıxmışdı. Vəli Axundov onu belə “intizamsız” hərəkətlə yanaşı, əleyhdarlarından qorumaq məqsədilə KP MK katibliyinin xətti ilə Qurbanova xəbərdarlıq etmişdi. 1966-cı ildə isə o, xalqla, xüsusilə ziyalılarla hakimiyyət arasında əlaqəni möhkəmləndirməyin bir vasitəsi kimi rəhbərliyə gətirilirdi.
Bütün bu müsbət dəyişikliklərə baxmayaraq, 1965-ci il Azərbaycan rəhbərliyi üçün ağır il oldu. Sovet rəhbərliyinin rizası ilə həmin il ermənilər Eçmiədzində uydurma soyqırıma abidə qoya bildilər. Iş təkcə bununla qurtarmadı. Türkiyə, Naxçıvan, Zəngəzur və Qarabağda qanlı cinayətlər törətmiş Andronik Ozanyanın yüz illiyi tamam olduğundan, erməni ziyalıları, ayrı-ayrı millətçi qruplar deyil, məhz Ermənistan partiya və hökumət rəhbərliyi onun bəraət alması və Yerevanda abidəsinin qoyulması üçün Moskvaya müraciət etmişdi. 1965-ci ilin yanvar-fevral aylarında Ermənistanın erməni, rus və Azərbaycan dilində nəşr olunan rəsmi partiya və dövlət mətbuatında, radio və televiziya verilişlərində, partiya xətti ilə oxunan mühazirələrdə artıq Andronik erməni xalqının milli qəhrəmanı kimi təqdim edilir və “qəhrəmanın” vətənində onun abidəsinin qoyulmasının zəruriliyi vurğulanırdı.
1965-ci ilin yanvar ayının 7-də Yerevanda çıxan “Avanqard” qəzeti, fevralın 25-də “Kommunist”, “Sovetskiy Hayestan” və Azərbaycan dilində çıxan “Sovet Ermənistanı” qəzeti Andronik Ozanyan haqqında onu “erməni xalqının milli azadlıq hərəkatının lideri” kimi təqdim edən geniş yazılar dərc etmişdilər. Ermənistan KP MK-nın orqanı kimi rus dilində çıxan “Kommunist” qəzetində respublika elmlər akademiyasının akademiki Mkrtiç Nersesyan fevralın 25-də yazırdı ki, Andronik erməni xalqının milli qəhrəmanıdır. Bir gün sonra, fevralın 26-da “Sovetakan dpos” qəzeti A.Arutunyanın “Andronik. Anadan olmasının 100 illiyi” məqaləsini, “Literatura Armeniya” 1965-ci ildə çıxan 2-ci sayında V.Davtyanın “Xalq Qəhrəmanı” məqaləsini dərc etmişdi.
Leninin Androniki xalq qəhrəmanı kimi tanıması…
Azərbaycan rəhbərliyi və alimləri bu prosesi diqqətlə izləyirdilər. Hələ, Vəli Axundovun 1963-cü il oktyabrın 2-də Moskvaya müraciətindən sonra 1964-cü ilin fevralında Naxçıvan MSSR-in 40 illiyi qeyd ediləndə Azərbaycan KP MK yanında Marksizm-Leninizm institutu “Naxçıvan MSSR-in 40 illiyi” adlı 102 səhifəlik kitabça buraxmışdı və orada Andronikin quldur dəstələrinin 1918-ci ilin yazında və yayında Naxçıvanın müsəlman əhalisinə qarşı törətdiyi vəhşiliklər və talanlar qeyd edilir, onun quldur və qatı millətçi olduğu bildirilirdi. Bu kitabça ilə bağlı maraqlı bir hadisə baş verdi. 1965-ci il iyulun 31-də Yerevanda yaşayan 1940-cı ildən Kommunist partiyasının üzvü Varazdat Avetisyan “Naxçıvan MSSR-in 40 illiyi” kitabını nəşr etmiş Azərbaycan KP MK-nın Marksizm-Leninizm institutundan SSRI-nin Baş prokuroru R.Rudenkoya şikayət etdi. O yazırdı ki, kitabın 19-cu səhifəsində erməni və bolqar xalqının milli qəhrəmanı Andronik təhqir edilib və onun haqqında millətçi-şovinist fikirlər səsləndirilib. Sonra Avetisyan Andronkin xidmətlərindən, onun Şaumyanla dostluğundan, hətta Leninin onu xalq qəhrəmanı kimi tanımasından söhbət açıb qeyd edirdi ki, Azərbaycanda tarixin saxtalaşdırıcıları Sovet xalqının düşmənlərinin çaldığı havaya oynayır və hərəkət edirlər. Onun fikrincə, bütün bu proseslərin arxasında Azərbaycan Kommunist Partiyasının rəhbərliyi dayanırdı.
Avetisov “sədaqətli” bir kommunist kimi Rudenkodan bu nəşrin müəlliflərinin məsuliyyətə cəlb olunmasını tələb edirdi. O, Yerevanda rus dilində çıxan “Kommunist” qəzetində fevral ayının 25-də akademik M.Nersesyanın məqaləsini də Rudenkoya göndərdiyi məktuba əlavə etmiş, məktubun surətini “Izvestiya” qəzetinə də göndərmişdi. SSRI prokurorluğu Avetisovun şikayətini avqust ayının 9-da Azərbaycan KP MK-ya göndərdi. Cavab hazırlamaq üçün onu respublika Marksizm-Leninizm institutuna ünvanladılar və orada institutun direktor müavini Cəmil Quliyev Avetisova və prokurorluğa hazırladığı geniş cavabı Azərbaycan KP MK-nın təbliğat və təşviqat şöbəsinin müdiri V.Melnikova göndərdi. MK-dan razılıq alındıqdan sonra sənəd Institut adından noyabrın 18-də SSRI prokurorluğuna və V.Avetisova göndərildi. Orada qeyd edilirdi ki, Avetisovun Azərbaycan KP MK rəhbərliyinin ünvanına səsləndirdiyi fikirlər etik qaydalara uyğun deyil.
“Naxçıvan MSSR-in 40 illiyi” kitabçasına gəldikdə isə məktubda həmin broşurun arxiv sənədləri, Ermənistan və Azərbaycanda nəşr olunmuş tarixi ədəbiyyat əsasında hazırlandığı qeyd edilir və xahiş edilirdi ki, “Leninin Androniki xalq qəhrəmanı kimi tanıması” barədə ifadə həqiqətə uyğun deyil, əgər belə bir şey varsa, Avetisov onun Azərbaycan KP MK-nın Marksizm-Leninizm institutuna da göndərsin. Sonda qeyd edilirdi: “Sizin məktubunuz qəbuledilməz formada yazılıb. Siz başınız çıxmadığı məsələdə Azərbaycan Kommunist Partiyasının rəhbərlərini tarixin saxtalaşdırıcısı adlandırırsınız, broşurun müəlliflərini xalqlar arasında düşmənçiliyi qızışdırmaqda ittiham edirsən. Siz bir kommunist kimi tələsik nəticə çıxarmaq və sovet adamlarına qarşı təhqiredici ittihamlar irəli sürməkdə haqlı deyilsiniz”.
Andronikin törətdiyi vəhşiliklər
Belə cəhdlərə qarşı dayanmaq üçün rəhbərliyin razılığı ilə həmin vaxt Azərbaycan mətbuatında Andronikin Naxçıvan, Zəngəzur və Qarabağda törətdiyi vəhşiliklər ifşa olunurdu. Ayrı-ayrı ziyalılar bu məsələyə münasibət bildirirdilər. 1965-ci ildə “Azərbaycan” jurnalının 9-cu nömrəsində xalq şairi Rəsul Rzanın Fransa səfəri çərçivəsində Parisin Per la-Şez məzarlığında Andronikin qəbrüstü abidəsini ifşa edən şeiri çıxdı. Bu şeir həmin vaxt əhalinin gedən proseslərdən duyuq düşməsində mühüm rol oynadı. Rəsul Rza heykələ xitabən yazırdı:
O, kimdir at üstündə,
özündən razı?!
Kimə oxşayır, Allah!
Kimə?
Elə bil ki, qaba bir əl toxunur
incə simə.
Gözlərimdə canlanır,
Naxçıvanın Arazı.
Söndürülmüş ocaqlar!
Qanlı üzlər keçir gözlərimdən,
min-min azı.
Bağırmaq istəyirəm,
hardan gəldi bura
bu dələduz.
Daşa dönmüş daş ürəkli quduz.
Ermənistanda Andronikin təbliği geniş xarakter aldığından Naxçıvanda yaşayan tarix elmləri namizədi, 1927-ci ildən Kommunist Partiyasının üzvü Əli Əliyev fevralın 27-də, martın 11-də və aprelin 16-da Andronikin regionun müsəlman əhalisinə qarşı törətdiyi terror və qətllər haqqında “Pravda” qəzetinə geniş məqalələr göndərmişdi. Lakin qəzet məqalələri dərc etmədiyindən o, 1965-ci ilin may ayının 8-də Andronikin əməlləri barədə Sov.IKP MK-nın birinci katibi Leonid Brejnevə müraciət etməli olmuşdu. Əli Əliyev dəqiq tarixi sənədlər əsasında Andronikin Naxçıvan, Zəngəzur və Qarabağda törətdiyi bütün cinayətləri Brejnevə yazırdı. O, qeyd edirdi ki, Andronik Naxçıvan qəzasında qadın, uşaq və qocaları qılıncdan keçirmiş, qəzanın müsəlman əhalisini qan içində boğmuş, Yayıcı kəndində qadın və uşaqları süngü ilə qətlə yetirmiş, onları diri-diri Araz çayına tökmüş, kəndi oda tutmuşdur. Əli Əliyev Andronikin dəstəsinin Naxçıvanın Aza, Dizə, Kələntər, Camaldin, Qızılca, Kirnə, Bənənyar, Nehrəm, Çeşməbazar və digər kəndlərində törətdiyi vəhşiliklər haqqında dəqiq faktlar göstərir, onun Zəngəzurdakı talançılığı, hətta Qarabağda yerli erməni əhalisinin ona soyuq münasibət göstərməsindən maraqlı nümunələr gətirirdi. Ə.Əliyev sonda yazırdı ki, cidanı çuvalda gizlətmək mümkün olmadığı kimi, Andronikin cinayətlərini də gizlətmək, ört-basdır etmək mümkün deyildir. O, sual edirdi ki, Sovet Ermənistanı belə bir cinayətkarı necə qəhrəman etmək, erməni xalqının milli azadlıq hərəkatının lideri etmək istəyir?
Əli Əliyevin məktubunda qaldırılan məsələləri yoxlamaq üçün onun məktubu mayın 22-də Sov.IKP MK yanında Marksizm-Leninizm institutuna, Azərbaycan KP MK və Ermənistan KP MK-ya göndərildi. Vəli Axundovun tapşırığı ilə Azərbaycan KP MK-nın Marksizm-Leninizm Institutu təcili olaraq Azərbaycan arxivlərində, Zaqafqaziya mətbuatında Andronikin 1917-1920-ci illərdəki fəaliyyəti ilə bağlı sənədləri toplanıb institut direktorunun müavini Cəmil Quliyevin qoşma məktubu ilə Moskvaya göndərildi. 84 səhifədən ibarət olan bu sənədlər Andronikin Naxçıvan, Zəngəzur, Qarabağ və Irəvanda törətdiyi qanlı əməllərinin tarixi ittihamı idi. Ermənistan KP MK-nın elm və mədəniyyət şöbəsinin müdiri V.Avetisyan və Marksizm-Leninizm institutunun direktoru Satur Aqayanın (o, bir müddət Bakıda Akademiyanın tarix institunda işlmiş və “Azərbaycanda kəndli reformaları” mövzusunda dissertasiya müdafiə etmişdi) Andronik Ozanyan haqqında hazırlayıb Moskvaya göndərdikləri arayışda onu Zaqafqaziyada xalqlar dostluğunun simvolu kimi təqdim edir və guya şəxsiyyətə pərəstiş dövründə onun unudulduğundan şikayətlənirdilər. Sonda onlar yazırdılar ki, “Andronik əlbəttə, proletar mübarizə düşüncəsinə yüksələ bilmədi, lakin o, heç vaxt Sovet hakimiyyətinə qarşı mübarizə aparmayıb”.
Məsələnin həlledici və maraqlı tərəfi Sov.IKP MK yanında Marksizm-Leninizm institutunun rəyi idi. Institut rəhbərliyi Əli Əliyevin məktubunda qoyulan məsələləri dəqiqləşdirməyi Sov.IKP tarixi şöbəsinin baş elmi işçiləri Mixail Anderson və Şota Çivadzeyə tapşırmışdı. Iyun ayının 14-də onlar tərəfindən hazırlanan rəy ermənilər üçün gözlənilməz oldu. Onlar yazırdılar ki, Birinci Dünya Müharibəsinin sonlarında Andronikin komandanlığı altında olan erməni dəstələri bir sıra Azərbaycan kəndlərini məhv etdilər və onların sakinləri ilə qəddarcasına davrandılar. Bu faciəli hadisələrin hərbi zərurətdən və ya milli əhval-ruhiyyədən irəli gəldiyini ayırd etmək çətindir. Lakin fakt faktlığında qalır ki, qırğın və zorakılıq halları olubdur və azərbaycanlılar bunun baiskarı Androniki hesab edirlər.
Mixail Anderson və Şota Çivadze yazırdı: “Ona dörə də, təəccüblü deyildir ki, Andronikin hədsiz təriflənməsi azərbaycanlılar arasında dərhal hiddət və etiraz doğurur. Andronikin 1965-ci ilin fevral ayında tamam olmuş 100 illiyi haqqında qərar qəbul edərkən bunu hökmən nəzərə və göz önünə almaq gərəkdir”.
Onlar sonda qeyd etdilər ki, partiya və sovet orqanlarında çıxan məqalələrdə Androniki tərifləmək, onu milli qəhrəman hesab etmək səhvdir. Bu rəyi və respublikalardan müvafiq arayışları aldıqdan sonra Sov.IKP MK-nın təbliğat və təşviqat şöbəsinin müdiri V.Stepakov və həmin şöbənin bölmə müdiri T.Kuprikov iyun ayının 25-də Sovet partiya və hökumət rəhbərliyinə hesabat hazırladılar. Onlar qeyd edirdilər ki, tarix elmləri namizədi Əli Əliyev Androniki “millətçi şovinist”, Azərbaycanın dinc əhalisini məhv etmiş “islaholunmaz düşmən” adlandırır, Ermənistan KP MK-nın elm və mədəniyyət şöbəsinin müdiri Avetisyan və Marksizm-Leninizm institutunun Yerevan filialının direktoru Aqayan isə birgə imzaladıqları arayışda onu “erməni xalqının türk işğalçılarına qarşı milli azadlıq hərəkatının əsl qəhrəmanı” hesab edirlər.
Sov.IKP MK yanında Marksizm-Leninizm institutunun Əli Əliyevin məktubuna verdiyi rəydə qeyd edilir ki, Andronikin bioqrafiyası mürəkkəb və çox məqamda ziddiyyətlidir. 1918-ci ildə türklərə qarşı döyüşlərin gedişində onun komandası altında olan erməni hərbi bir sıra Azərbaycan kəndlərini məhv etməsini, həmin kəndlərin əhalisi ilə qəddarcasına rəftar etmələrini nəzərə almamaq olmaz. Indi bir çox azərbaycanlılar üçün Andronikin adı hər şeydən əvvəl bilavasitə bu qəddarlıqla bağlıdır. Heabatın sonunda onlar təklif edirdilər ki, Sov.IKP MK yanında Marksizm-Leninizm institutunun Ermənistan və Azərbaycan filialına tapşırılsın ki, Marksizm-Leninizm institutu ilə birlikdə Andronikin fəaliyyətini obyektiv qiymətləndirən məqalə hazırlayıb onu Ermənistan KP MK-nın “Leninyan uqiov”, Azərbaycan KP MK-nın “Azərbaycan kommunisti” jurnalında dərc etsinlər.
Şöbənin rəyi 1965-ci il iyulun 10-da Ermənistan KP MK-nın birinci katibi Zarobyana və Azərbaycan KP MK-nın ideoloji məsələlər üzrə katibi Vəzirova, Sov.IKP MK yanında Marksizm-Leninizm institutunun elmi katibi M.Iskrova, habelə Əli Əliyevə göndərildi. Məsələnin belə həlli Azərbaycan tərəfini təmin etməsə də, bununla belə, 1965-ci ildə ermənilərin Andronik Ozanyanı milli qəhraman hesab etmək, Yerevanda ona abidə qoymaq niyyətləri baş tutmadı. Lakin Androniklə bağlı aparılan təbliğat işləri Azərbaycana və Gürcüstana qarşı ermənilərin ərazi tələblərini daha da kəskinləşdirdi.
(Ardı var)