Qiymət artımı qüvvəyə minməmiş vətəndaşın cibinə minmək cəhdi
Acgözlüyün, antixalq fəaliyyətin, vətəndaşa divan tutmağın həddi-hüdudu yoxdur. Sanki, hökumət vətəndaşı ağır imtahana çəkməkdən zövq alır. Yüzlərlə problemin həllinə nail olmaq əvəzinə, 101-ci problemi yaradırlar. Insanların yükünü azaltmaq əvəzinə, yükü daha da ağırlaşdırırlar. Faktiki olaraq xalqa qul kimi baxırlar.
Bu qədər əzab-əziyyətin, bu qədər böhranın olduğu bir vaxtda suyun da qiymətini qaldırdılar. Talan etdikləri, ofşor şirkətlərə yerləşdirdikləri pulların yerini xalqın cibiylə ödəmək istəyirlər. Bugünə qədər “Azərsu” ilə bağlı müxtəlif korrupsiya faktları ortaya çıxıb, yeyintilər aşkar edilib, amma heç bir tədbir görülməyib. Əvəzində, yenə də xalqdan yapışdılar. Deməli, hansı vəzifəlinin cinayət törətməsindən asılı olmayaraq, cəzanı xalq çəkməlidir. Bunlar üçün vətəndaş cinayətkarların, korrupsionerlərin sığortasıdı.
Benzinin qiyməti qalxanda adamlar yanacaqdoldurma məntəqələrinin qarşısına axın edir, bir neçə günlük benzin ehtiyaclarını köhnə qiymətlə almaq istəyirdilər. Yəni, bir neçə saatlıq köhnə qiymətlərdən yararlanmaq mümkün olurdu. Amma hökumət su məsələsində buna da imkan vermədi. Belə ki, suyun qiymətinin 39 faiz qalxması ayın 16-da qüvvəyə minməliydi, amma “uzaqgörən” hökumətimiz bir neçə gün əvvəldən yeni qiymətləri tətbiq etməyə başlayıb. Yəni, yeni qiymətlər qüvvəyə minməmişdən su kartını köhnə qiymətlərlə yükləmək istəyənlər məhdudiyyətlə üzləşib. Karta 3 kubdan artıq su vurulursa avtomatik olaraq yeni qiymətlərlə hesablanır.
Bəli, hökumət vətəndaşın 3 günlük möhlətdən istifadə etməsinə də imkan verməyib. Vətəndaşın milyardlarını oğurlayıblar, amma vətəndaşın 1-2 manata qənəat etməsinə də icazə verməyiblər.
Bir daha qeyd edirik ki, düşmənçiliyin, acgözlüyün, xalqa həqarətin həddi-hüdudu yoxdur. Gecə yarı iki dəfə devalvasiya qərarı verib sadə vətəndaşı zərərə saldılar, qəfil qiymətləri 30-40 faiz qaldırıb insanların süfrəsini boş qoydular, kütləvi ixtisarlara start verib, ailələri ehtiyac bataqlığına saldılar və bütün bunlardan sonra suyun da qiymətini 39 faiz qaldırdılar. Amma bu da hökumətin ürəyini soyutmur və qanun qüvvəyə minməmiş xalqın cibinə minməyə qərar verirlər.
Normal ölkədə belə hökumət bir gün də yaşaya bilməz. Heç bir xalq bu qədər təhqirə dözüm gətirməz. Hökumət xalqın psixologiyasına bələddi, bilirlər ki, belə qiymət artımlarına görə heç kim etiraz etməyəcək. Ona görə də qanunları ələ salıblar, ona görə də açıq şəkildə oğurlayırlar.
Ölkə başçısı “qiymətlər qalxmayacaq” vədi verdi və bu vədinə əməl etmədi. Daha sonra “yerli istehsal məhsullarının qiyməti qalxmayacaq” söylədi və bu vədinə də əməl etmədi.
Hökumətin anti-böhran tədbirləri vətəndaşı müflisləşdirməkdən ibarətdir. Vətəndaşın cibi boşaldıqca hökumətin cibi dolur. Beləliklə, bir qrup adam böhrandan çıxır. 9 milyon zəlil vəziyyətinə düşsə də olar, əsas odur ki, 8-9 ailə rahat ömür sürsün. Havaya da sayğac qoysaydılar, “anti- böhran” tədbirləri yekunlaşardı.
Ilham Əliyev də deyir ki, biz böhrandan şərəflə çıxmışıq.
Samir