Eynulla Fətullayev: «Bu hadisəni təşkil edənlərin həbsinin şahidi olacağıq»
Hakimiyyət “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlini unutdurmağa çalışsa da, cəhdləri heç bir nəticə vermir. Elmar Hüseynovun qətlindən 7 il ötməsinə baxmayaraq, hələ də bu hadisə beynəlxalq təşkilatların diqqətindədir.
Martın 25-də Londonda Elmar Hüseynovun qətlilə bağlı ictimai dinləmələrin təşkili dediklərimizin təsdiqi sayıla bilər. Dinləmələr 10 aparıcı beynəlxalq təşkilatın birləşdiyi Azərbaycanda ifadə azadlığı üzrə beynəlxalq tərəfdaşlıq qrupunun təşəbbüsü ilə təşkil olunub.
Dinləmələrə mərhumun həyat yoldaşı, hazırda Norveçdə mühacir statusunda yaşayan Ruşaniyyə Hüseynova, həmçinin jurnalist, Insan Haqları Uğrunda Ictimai Birliyinin sədri Eynulla Fətullayev də məruzəçi qismində dəvət olunub.
Tədbirdə E.Hüseynovun qətli ilə bağlı aparılan istintaqın hazırkı vəziyyəti, indiyə qədər qətlin açılmamasının səbəbləri müzakirə ediləcək.
Eynulla Fətullayev “Azadlıq”a açıqlamasında belə bir tədbiri doğru addım kimi qiymətləndirib. Hüquq müdafiəçisi bildirib ki, bu, Elmar Hüseynovun qətlinin heç vaxt unudulmayacağının göstəricisidir: “Elə siyasi qətllər var ki, onlar heç vaxt unudulmur. Elmar Hüseynovun qətli də bunların sırasında birincidir. Çünki Elmar Hüseynov ifadə azadlığının simvoludur. O, Azərbaycanda ifadə azadlığı uğrunda canını fəda etmiş şəxsdir. Onun qətlini unutdurmağa cəhdlər olsa da, bu baş tutmayacaq. Londonda təşkil edilən tədbir də bunun göstəricisidir. Mən dinləmələrin təşkil olunmasını doğru addım sayıram. Çünki hadisənin üzərindən 7 il ötməsinə baxmayaraq, nəinki bu qətl açılmayıb, əksinə daha bir yazar – Rafiq Tağı öldürülüb. Yəni, çox pis presedent yaranıb. Ona görə də bu məsələ bizim üçün dAim aktual olmalıdır”.
Eynulla Fətullayev əminliyini ifadə edib ki, ən azı Elmar Hüseynovun qətlinin təşkilatçıları tapılıb cəzalandırılacaq: “Artıq Rusiyada Anna Politlovskayanın qətli ilə bağlı həbslər başlayıb. Həbs olunanlar icraçılardır. Rusiya hökuməti Qərbin təzyiqləri nəticəsində icraçıları qurban verməyə məcbur olub. Bu baxımdan mən əminəm ki, biz də ən azı Elmar Hüseynovun qətlini təşkil edənlərin həbsinin şahidi olacağıq”.
Həbsdə olarkən Elmar Hüseynovun qətlilə bağlı verdiyi sensasion açıqlamaları Londondakı tədbirdə də dilə gətirib-gətirməyəcəyinə gəlincə, hüquq müdafiəçisi deyib: “Bir sözü 10 dəfə deyəndə qiymətdən düşür. Mən Elmar Hüseynovun qətlilə bağlı araşdırma aparmışam və buna görə 4 il həbsdə olmuşam. Mənim mövqeyim bəllidir, təhqiqatımın nəticəsi ortadadır. Və təbii ki, elə həqiqətlər var ki, onları dilə gətirməmək mümkün deyil”.