Pentaqon Konqresdən razılıq aldı; Tehran isə kamikadzelərin istifadə edəcəyi sualtı qayıqları dövriyyəyə buraxır
Iranın nüvə proqramı ətrafında yaranmış gərginlik davam edir. Tehranın nüvə silahı əldə etmək niyyətindən daşınmaması bu ölkəyə qarşı hərbi müdaxilə variantının gündəmdə qalmasına yol açır. Qərbin sərt sanksiyaları və təzyiqlərinə baxmayaraq, Iran nüvə silahı əldə etmək niyyətindən əl çəkməyəcəyini bildirir. ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) Iranın yerin altındakı süni mağaralardan ibarət beton sığınacaqlarını partlatmaq məqsədilə xüsusi bomba istehsal edəcəyini açıqlayıb.
Artıq xüsusi bombanın hazırlanması üçün Konqresdən icazə alınıb. Yüksək dağıdıcı gücə malik olan bombanın hazırlanmasına 81 milyon dollar xərclənəcək. Hazırlanacaq bomba 2003-cü ildə Iraq müharibəsi dövründə yeraltı sığınacaqların dağıdılmasında istifadə edilən bombaların təkmilləşmiş formasıdır. 5-6 metr uzunluğunda hazırlanacaq bombanın ağırlığı 14 ton olacaq. Bomba 60 metrlik beton və 40 metr qalınlığındakı qayaları darmadağın edə biləcək.
ABŞ Hərbi Dəniz Qüvvələrinin Bəhreyndə yerləşən 5-ci donanmasının vitse-admiralı Mark Faks bildirib ki, onun komandanlığı altında fəaliyyət göstərən dəniz qüvvələri istənilən şəraitlə üz-üzə gəlməyə hazırdır: “ABŞ dəniz qüvvələri günü bu gün Iranın istənilən hərəkətinə cavab verməyə tam hazırdır. Biz çox dəqiq və ölümcül silahlara malikik. Bu silahların qabiliyyəti yüksəkdir. Biz Iranla üz-üzə gəlməyə tam hazırıq”.
Vitse-admiral təhlükə kimi, Iranın adını açıq şəkildə dilə gətirib: “Doğrudur, biz ”güllə keçirməz” deyilik. Bizə zərbə endirə biləcək qüvvələr də var. Iran da yüksək sürətlə hərəkət edən qayıqları, o cümlədən, dənizi minalamaq yolu ilə ABŞ qüvvələrinə zərbə endirə bilər. Lakin bildirirəm ki, hücuma məruz qalacaqları təqdirdə qüvvələrimizin özlərini müdafiə etmək gücü və hüququ var”.
Mark Foks əlavə edib ki, Iran Fars körfəzində hərbi-dəniz potensialını artırır. Tehran rejimi kamikadzelərin istifadəsi edəcəyi güman olunan sürətli kater və sualtı qayıqlar hazırlayır. Vitse admiralın sözlərinə görə, Iran sualtı qayıq və sürətli gəmilərin sayını artırıb. Hazırda Iranın 10 sualtı qayığı var.
Foks Iranın Hörmüz boğazını bağlaya bilməyəcəyini də vurğulayıb. Iranın BMT-dəki daimi nümayəndəsi Məhəmməd Xəzai isə ABŞ və Israil başda olmaqla, Qərb ölkələrini hədələyib. Diplomat deyib ki, Israil və müttəfiqləri Iranın nüvə obyektlərinə hərbi müdaxilə edərsə, dağıdıcı cavab alacaq: “Düzdür, Iranın strategiyası hər hansı ölkəyə hərbi müdaxilə etməmək üzərində qurulub. Ancaq Iranın nüvə obyektlərinə hücum ölkənin mənafeyini təhlükəyə atdığından biz bütün gücümüzlə özümüzü müdafiə edəcəyik”.