Ölkəyə yeni maşınlar gətirmək istəyən hökumət nədən bu qədər «rastamoşka» haqqı qoyur?
Məhəmməd Talıblı: «Gömrükdə bu qədər vəsaitlərin alınmasına baxmayaraq onlar dövlət büdcəsinə daxil olmur»
Daxili Işlər Nazirliyinin Baş Dövlət Yol Polisi Idarəsinin rəisi, general-mayor Ramiz Zeynalovun “Azərbaycan” qəzetindəki müsahibəsində “maraqlı” məqamlar az deyil. Onlardan biri ölkədə son zamanlar artan yol qəzalarının başvermə səbəbinin izahı ilə bağlıdır. R.Zeynalov bunu bir tərəfdən ölkədə avtomobillərin sayının artması ilə izah edirsə, onun fikrincə, digər tərəfdən yol qəzalarına səbəb avtomobillərin əksəriyyətinin texniki istismar tələbləri ilə bağlı dünyanın müasir standartlarına uyğun gəlməməsidir.
Yenə də hakimiyyət baş verən bəlalara görə vətəndaşı günahkar bilir. Amma R.Zeynalovun söylədikləri tutarlı arqument sayıla bilməz. Çünki avtomobillərin texniki göstəriciləri standartlara uyğun deyilsə, o zaman onlar necə hər il texniki baxışdan keçə bilirlər. Digər tərəfdən, sürücülük vəsiqəsinin müxtəlif yollarla əldə olunması hallarının geniş yayılması nədənsə unudulur. Halbuki bir çox hallarda bu şəxslərin əksəriyyəti ümumiyyətlə, yol hərəkəti qaydalarından xəbərsiz olur.
Eyni zamanda sual yaranır, DIN ölkəyə daha yeni maşınların gətirilməsinin tərəfdarıdırsa, bu prosedurun sadələşdirilməsi üçün məsələni niyə qaldırmır? Hamıya Azərbaycana gətirilən xarici avtomobillərə gömrükdə tətbiq olunan rəsmi və qeyri-rəsmi ödənişlər məlumdur. Bu ödənişlərdən sonra avtomobilin dəyəri təxminən 2 dəfə artır. Halbuki xarici ölkələrdə avtomobilin buraxılış ili yeni olduqca alınan gömrük rüsumu da aşağı olur. Azərbaycanda isə bu proses tam əksinədir.
Iqtisadçı Məhəmməd Talıblının sözlərinə görə, R.Zeynalovun baş verən avtoqəzalara görə sürücüləri ittiham etməsi yanlışdır. Çünki burada əsas günah yol infrastrukturunun yararsız olmasıdır. Azərbaycanda yolların hazırda standartlara uyğun gəlməməsinin büdcədən bu sferaya yetərincə vəsait ayrılmaması ilə bağlı olmadığını deyən M.Talıblı vurğuladı ki, əksinə bu sahəyə hər il yetərincə vəsait ayrılsa da, şəffaflığın olmaması və maliyyənin səmərəli xərclənməməsi infrastrukturla bağlı problemin çözümünə gətirib çıxarmır: “Keçən illərdə 7.5 milyard investisiya xərclərindən 2 milyardı nəqliyyat sisteminin yenidən qurulmasına və təkmilləşdirilməsinə ayrılmışdı. Bu artıq başqa mövzunun söhbətidir ki, hər il artan bu maliyyə ilə bağlı şəffaflığın olmaması və vəsaitlərin səmərəli xərclənməməsi sonda bu nəticəyə gətirib çıxarır”.
Gömrükdə avtomobillərə tətbiq olunan qeyri-rəsmi ödənişlərin bir çox hallarda avtomobillərin dəyəri qədər olduğunu deyən M.Talıblı bildirdi ki, gömrükdə bu qədər vəsaitlərin alınmasına baxmayaraq onlar dövlət büdcəsinə daxil olmur. Gömrükdən büdcəyə daxil olan vəsaitlərin cəmi 7 faiz olduğunu deyən M.Talıblı bildirdi ki, alınan qeyri-rəsmi ödənişlər yalnız şəxsi ciblərə gedir.
Hikmət