Qubad Ibadoğlu: «Müsabiqə üçün ayrılan vəsait hələ yekun xərc deyil»
Məlum olduğu kimi, bu ilin may ayında Bakıda “Eurovision-2012″ Beynəlxalq Mahnı Müsabiqəsinin keçirilməsi üçün dövlət büdcəsindən 50 mln. manat (63,3 mln. ABŞ dolları) ayrılacaq. Bu məbləğə yarışmanın keçiriləcəyi sarayın tikintisinə xərclənən vəsaitlər daxil deyil. Tədbirin keçiriləcəyi ”Kristall-Palace”nın büdcəsi 64,5 mln manat olacaq. Bununla da Azərbaycanın “Eurovision-2012″ mahnı müsabiqəsi üçün xərclədiyi vəsaitlərin həcmi 100 mln manatı ötür. Dövlət büdcəsi təxminən 15 mlrd manat olan Azərbaycanın bir müsabiqə üçün bu qədər vəsait xərcləməsi nə dərəcədə normal qəbul edilə bilər?
Məlumat üçün deyək ki, dünyanıni ən bahalı ölkələrindən sayılan Norveç “Eurovision”a təxminən 17 milyon avro, 2008-ci ildə Serbiya müsabiqənin təşkilinə 10 milyon avrodan az, 2007-ci ildə Finlandiya 14 milyon avro, 2006-cı ildə Yunanıstan 12 milyon avro, 2005-ci ildə Ukrayna 22 milyon avro xərcləyib. Rusiyaya isə bu müsabiqə 35 mln avroya başa gəlib. Almaniya isə ümumilikdə müsabiqənin keçirilməsinə 47 milyon avro xərclədiyini açıqlayıb. 15 mlrd büdcəsi olan Azərbaycan isə “Avroviziya”ya çəkəcəyi xərclə 405 mlrd dollar dövlət büdcəsi olan Almaniyanı kölgədə qoymağa hazırlaşır. Onu da qeyd edək ki, Azərbaycan “Avroviziya” yarışmasına qatılmağa başlayandan bəri bu tədbir üçün çəkdiyi xərclərlə diqqəti cəlb edib. Belə ki, ötən il ölkəmizi bu yarışmada təmsil edən Eldarla Nigarın şousuna, onların səhnə geyimlərinə və hazırlıqlara 2 mln. manat xərclənib. Bu, əvvəlki ildən 1 milyon manat azdır.
Hələ ötən il Rusiya mətbuatında yarışma zamanı Azərbaycanın əldə edə biləcəyi təxmini gəlir hesablanmışdı və bu məbləğ 80 mln manatdan çox olmamışdı. Çəkilən xərclərə nisbətdə isə bu, olduqca azdır. Deməli, Azərbaycan bu yarışmadan da ziyanla çıxa bilər.
Iqtisadçı-ekspert Qubad Ibadoğlu müsabiqə üçün ayrılan 50 mln manatın hələ yekun xərc olmadığını deyir. Eyni zamanda Ictimai Televiziyaya yayımla bağlı 8,5 mln manat vəsait ayrılıb. Ölkədəki büdcə xərcləmələrin yaxın tarixinə nəzər yetirəndə, əksər layihələr üçün ayrılmış vəsaitin planlaşdırılan büdcəni ödəmədiyini və sonradan yenə də əlavə vəsait ayrıldığını görmək olar. Indiki halda da bu istisna olunmur.
Ekspert bütövlükdə götürəndə hətta 50 mln manatlıq “Avroviziya”nın bahalı olduğunu deyir. Digər ölkələrin bu yarışmaya çəkdiyi xərcə baxanda da bunu görmək olur.
Q.Ibadoğlunun sözlərinə görə, Nazirlər Kabineti vəsaitin xərclənmə istiqamətləri və onun təsnifatı ilə bağlı açıqlamalar verməlidir. Çünki vətəndaş cəmiyyəti vəsaitin üzərində monitorinq hüququndan istifadə edərək onun nə dərəcədə səmərəli və şəffaf xərclənməsi ilə bağlı hesabatlar hazırlayacaq. Yalnız ümumi məbləği açıqlamaq onun nə dərəcədə səmərəli xərcləməyini müəyyən etmək üçün kifayət etmir.
Fizzə