Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Zaqatala rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin əməkdaşı ov tüfəngi ilə qardaşı oğlunu yaralayıb.
Zaqatala Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, aprelin 30-u axşam saat 18 radələrində rayonun Muğanlı kənd sakinləri 1977-ci il təvəllüdlü Ceyhun Musa oğlu İbrahimov hər iki baldırın və sağ bazu nahiyəsinin kor saçma yaraları xəsarətləri diaqnozu, 1957-ci il təvəllüdlü Məhəmməd Həsən oğlu Həsənov isə döş qəfəsinin və sol gözünün yumşaq toxumasının əziyi diaqnozu ilə xəstəxanaya daxil olublar. Hər iki şəxsə xəstəxanada yardım göstərildikdən sonra xəsarətləri yüngül olduğundan ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparıldığı bildirilir və vurğulanıb ki, RPŞ-də hər iki şəxsdən izahat götürüldükdən sonra sərbəst buraxılıblar.
Məlumatda o da bildirilib ki, qardaşı oğluna ov tüfəngi ilə atəş açan M. Həsənov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Zaqatala rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Muğanlı meşəbəyliyində meşə gözətçisi vəzifəsində işləyir.