“Rusiya cəsusu”nun anası Kremldən oğlunu Azərbaycan həbsxanasından azad etdirməyi istəyir
2009-cu ildə Azərbaycanda cəsusluq ittihamı ilə həbs edilən Rusiya vətəndaşı Polad Qasımovun anası prezident Dmitriy Medvedevə müraciət ünvanlayıb. “Kavkazkiy uzel” saytının verdiyi məlumata görə o, oğlunun azad olmasında köməklik istəyir.
Polad Qasımovun anası Raisa Qasımovanın iddiasına görə oğlunun heç bir günahı yoxdur. Oğlunun “cəsus işi” Azərbaycan höküməti tərəfindən Qəbələ RLS-in alverində istifadə edilir.
Qeyd edilir ki, Polad Qasımovun anası dəfələrlə Rusiya Prezident Aparatına müraciət edib. Polad Qasımov Bryansk əyaləti sakinidir. Hərbi məktəb qurtarıb, raket qoşunlarında xidmət edib. 2001-2005-ci illər arası Qəbələ RLS-də xidmət keçib. Sonra təqaüdə çıxıb. Ehtiyatda olan polkovnik-leytenantdır. 2009-cu ildə Rusiya xeyrinə cəsusluqda ittiham edilib və 12 il həbsə məhkum olunub.
Qasımovun arvadı da Medvedevə müraciət edib. Nataliya Qasımovanın iddiasına görə ittihamlar zorla ərinin boynuna qoyulub və imzalamağa məcbur edilib.