Hakim partiyanın qurucuları Əliyevi mövcud vəziyyəti dəyişməyə çağırıb
YAP-ın qurucuları və “köhnə qvardiyaya” aid olan bir sıra nüfuzlu üzvləri Ilham Əliyevə müraciət hazırlayıb. Bu barədə “Azadlıq”a daxil olan məlumatda deyilir ki, müraciətin mətni yaxın günlərdə yayılacaq. Hələlik isə sənədin imzalanması prosesi gedir.
Müraciətin məzmununa gəlincə, hakim partiyanın qurucuları ölkədəki mövcud ictimai-siyasi vəziyyətdən, məmur özbaşınalığından, insan haqlarının pozulmasının adi hala çevrilməsindən, korrupsiyanın pik həddə çatmasından narahatlıqlarını ifadə ediblər. YAP-çılar Ilham Əliyevin diqqətinə çatdırıblar ki, partiya bir qrup korrupsioner məmurun inhisarına keçib və onların “əməyi” nəticəsində xalqın hakimiyyətə inamı itib. Ölkə başçısına çağırış edilib ki, qısa müddətdə köklü islahatlar həyata keçirsin. Çünki indiki siyasət ölkəni fəlakətə sürükləyir.
Məlumatda o da qeyd olunur ki, Əliyevə ünvanlanan müraciətdə sürpriz imzalara da rast gəlinəcək.
Informasiya şöbəsi