elnurastanbeyli@gmail.com
Dünən – 28 aprel Azərbaycan Xalq Cümhuriyyətinin rus istilası nəticəsində devrilməsindən 96 il ötdü.
Cümhuriyyətin yerində qurulan Sovet hakimiyyəti bu ölkənin taleyində daha çox qara boyalarla qalacaq.
70 il ərzində şübhəsiz, müsbət işlər də az olmadı, amma bütövlükdə bu 70 il nəhəng itkilərin tarixidir. Əminəm, Azərbaycan yoluna demokratik, bəşəri ideallarla, Cümhuriyyət dəyərləri ilə davam etsə, ölkənin bugünkü mənzərəsi müsbət mənada, qat-qat fərqli olardı. Ən azı, həmin 70 illik rejimin yetirmələri olan və ölkə idarəçiliyindən tutmuş, həyatın hər sahəsində hegemonluq edən insanların geriçi, çağdışı, anti-demokratik əməlləri, fikirləri ilə mübarizə aparmaq zorunda qalmazdıq.
O da ibrətamizdir ki, 96 il öncə qurulan bolşevik rejimi bir müddət sonra elə Azərbaycanın xarici boyunduruğa (rus istilasına!) keçməsində xidmətləri olanları cəzalandırdı, onları aradan götürdü. Çingiz Ildırım, Ruhulla Axundov, Əli Heydər Qarayev, Sultan Məcid Əfəndiyev, Qəzənfər Musabəyov, Həmid Sultanov, Dadaş Bünyadzadə, Mir Cəfər Bağırov kimi Azərbaycanda Sovet rejiminin qurucularından və rəhbərlərindən olan “alovlu inqilabçılar” elə həmin rejim tərəfindən də məhv edildilər. Bir daha şübhə qalmadı ki, “inqilablar əvvəlcə öz balalarını yeyir”.
Təkcə inqilablarmı? Elə irticalar da! Uzağa getməyək, elə dünən bir çox xəbər lentlərində gözə dəyən bir xəbəri götürək. Xəbər nə xəbər! Yemə, içmə, xəttü-xalına, gül camalına tamaşa elə!
Deməli, Naxçıvanın həbsdə olan keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərovun vəkili müdafiə etdiyi şəxsin hüquqlarının pozulduğu barədə açıqlamalar verib, deyib ki, onu incidirlər, şərəf və ləyaqətini incidən hərəkətlərə yol verirlər. Ibrətamiz mənzərədir. Səməd Vurğunun məşhur misrası yada düşür: “Dünən hökm verən bu gün can verir”.
Əlbəttə, heç bir işgəncəyə bəraət qazandırmaq olmaz. Ən qatı cinayətkarın da ədalətli yarğılanmaq haqqı var. Ancaq digər tərəfdən də fikirləşirsən ki, hər kəs öz qazdığı quyuya düşür. Dünən külək əkənlər sabah fırtına biçəcəklərini bilməlidirlər.
Kim bilir həmin sabiq nazirin ayağında nə qədər məsum, günahsız insanın başına gətirilən oyunlar, hoqqalar var!
Kim bilir, nə qədər məzlumun ahını alıb o vəzifədə oturarkən!
Kim bilir nə qədər ocağı söndürüb, nə qədər insan həyatını qaraldıb!
Bu gün isə bir zamanlar başqalarına etdikləri öz başına gəlir. Bir daha yazaq: ortada insan taleyi varsa, onun kimliyindən asılı olmayaraq, işgəncə və həqarətə məruz qalması içacıdıcıdır, yolverilməzdir, qəbuledilməzdir.
Amma nə etməli ki, həyat çox amansızdır, onun öz mühakiməsi var, o da gec-tez öz cəzasını diqtə edir. Necə deyərlər, “alma məzlumun ahını, çıxar ahəstə-ahəstə”.
Hardasa üç il öncə 18-19 yaşlı, pırıl-pırıl, ləyaqətli, işıqlı gəncləri şərləyib, onlara hədə-qorxu gəlib, onları alçaltmağa çalışıb hansısa “dövlət çevrilişinə cəhd” şousu düzəldən, həmin gəncləri az qala “terrorçu” qiyafəsində telekanallara çıxarıb, “cinayət etirafları” etdirən bir nazirliyin başındakıların bu gün öz başlarına gələnlərdə əlbəttə, bir hikmət vardır. Zülmkar rejimin bir parçası olan bu adamlar onsuz da tarixdə layiqli qiymətlərini alacaq, əvvəl-axır bu şər əməllərinin bədəlini ödəyəcək, ən azı, gələcək nəsillərin vicdanında məhkum ediləcəkdilər! Ancaq bəzən, hətta həmin gələcəyi gözləməyə də ehtiyac qalmır, elə qulluqçusu olduqları Sistem özü onları cəzalandırır. Hansı səbəbdən? Bu heç önəmli deyil. Əsas odur ki, biriləri əkdikləri, illərdir can-başla qulluq etdikləri şər ağacının acı, zəhərli meyvələrini bəri başdan dadırlar.
Həm də Vəli Ələsgərovlar, Akif Çovdarovlar birinci deyillər, bundan əvvəl Fərhad Əliyev, Elşad Abdullayev, Hüseyn Abdullayev, “Amay Abdulla” kimi nə qədər nümunələr var!
Birinci deyillər və yəqin ki, sonuncu da olmayacaqlar.
Taleyin ironiyasından qaçış yoxdur!