Elxan Şahinoğlu: «Türkiyə və Rusiyada hakimiyyət dəyişsə, münasibətlər normallaşa bilər»
Rusiya XIN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiya və Türkiyə arasında rəsmi səviyyədə münasibətlərin bərpa edilə bilmədiyini söyləyib. TASS xəbər verir ki, Mariya Zaxarova bu barədə mətbuat konfransında bildirib. O qeyd edib ki, eyni zamanda, Rusiya tərəfindən türk xalqına və türk biznesinə qarşı heç bir əks-fəaliyyət olmayıb və ola da bilməz:
“Türk rəsmilərinə gəldikdə isə, perspektiv yoxdur. Onlar elədiklərini etdilər. Biz indi anlayırıq ki, bu, onların düşünülmüş seçimi idi. Beynəlxalq münasibətlərdə onların (Türkiyə hakimiyyətinin) qurduğu ”kartlar evi” dağılmağa başlayıb”.
Rusiya XIN rəsmisi vurğulayıb ki, xalqlar, ölkələr arasında münasibətlər nöqteyi-nəzərindən – əlbəttə ki, münasibətlər inkişaf edəcək: “Türk xalqına, türk biznesinə, iqtisadi mühit nümayəndələrinə qarşı heç bir əks-fəaliyyət, heç bir kampaniya yoxdur və ola da bilməz”.
Politoloq Elxan Şahinoğlu söyləyir ki, rusiyalı rəsmilər bir az yumşaq ifadələr işlətsələr də, hakimiyyətə bağlı siyasi ekspertlər, Kremlə yaxın media və televiziyalar Türkiyəni nəinki tənqid, təhqir edərək aşağılayırlar. Politoloq türk ekspertlərinin və mediasının isə Rusiya barədə aşağılayıcı mövqe nümayiş etdirmədiyini vurğulayır:
“Elə bir vəziyyətyaranıb ki, Suriya problemi həll olunsa belə, Rusiya-Türkiyə münasibətlərinin bərpa olunmasına inanmıram. Vəziyyəti süni şəkildə gərginləşdirib olmayan məsələləri ortaya atırlar. Iki ölkə arasında münasibətlər elə bir vəziyyətdədir ki, yaxın zamanlarda onun düzələcəyini proqnozlaşdırmaq çətindir. Türkiyə və Rusiyada hakimiyyət dəyişə ki, münasibətlər normallaşsın. Lakin yaxın müddətdə Putinlə Ərdoğanın əl sıxıb görüşəcəyini təsəvvür edə bilmirəm”.
Nigar