«Atletlər kəndi»ndəki qəza MTN tərəfindən məqsədli şəkildə təşkil edilib?
Xəbər verdiyimiz kimi ötən ilin iyununda Bakıda keçirilən birinci Avropa Oyunları zamanı avstriyalı atletlərin vurulması ilə nəticələnən avtobus qəzası ilə bağlı məhkəmə prosesində artıq ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin bu hadisədəki rolu üzə çıxıb. Məlum olub ki, Avropa Oyunları dövründə idmançılara və qonaqlara xidmət göstərən avtobus, taksi sürücülərinin siyahısını MTN müəyyənləşdirib. Bu fakt dünən Bakı Ağır Cinayətlər Məhkəməsində sözügedən qəzaya görə məsuliyyətə cəlb olunmuş şəxslərin işinə baxılarkən ortaya çıxıb.
Hadisə görə həbs olunan Nəqliyyat Nazirliyinin şöbə rəisi Hüseyn Salamov məhkəmədə bildirib ki, Avropa Oyunlarında xidmət göstərəcək avtobus sürücülərinin siyahısını MTN tutub.
Qeyd edək ki, nəqliyyat naziri Ziya Məmmədovun “vurulması” prosesi başlayanda mətbuat bu olayı əsas gətirirdi. Yayılan məlumatlarda Ziya Məmmədovun da baş vermiş hadisəni özünə qarşı yönələn təxribat kimi qiymətləndirdiyi bildirilirdi. Azadlıq isə yazmışdı ki, nəqliyyat naziri hadisəyə görə 10-a yaxın işçisini cəzalandırıb. Onlardan bəziləri işdən çıxarılıb, bəziləri isə şiddətli töhmət alıb. Hətta Ziya Məmmədovdan işdən çıxarılanların yenidən vəzifələrinə bərpa edilməsi xahiş olunsa da, o təxminən bu şəkildə reaksiya verib: “Mənə deyilən sözlər sizə deyilsəydi, daha sərt addım atardız”.
Bundan başqa Ziya Məmmədov hakimiyyətin hədəfinə gələndə yaxın ətrafına ona ən böyük zərbəni keçmiş MTN şefi Eldar Mahmudovun vurduğunu bildirib. Görünür, nəqliyyat naziri “Atletlər kəndi”ndəki qəzanı nəzərdə tuturmuş.
Qəza ilə bağlı məhkəmədə deyilənlər doğrudursa, o zaman ehtimal etmək olar ki, hadisə MTN tərəfindən məqsədli şəkildə təşkil olunub.