Vahid Məhərrəmli: «Torpaqdan istifadə olunmursa, onun istifadə olunmama səbəbini öyrənmək vacibdir»
Xəbər verildiyi kimi, Azərbaycan hökuməti kənd təsərrüfatı torpaqlarından təyinatı üzrə istifadə edilməməsinə qarşı sərt tədbirlərə başlayır. Ölkədə təyinatı üzrə istifadə edilməyən kənd təsərrüfatı torpaqlarında vergilər kəskin artırılacaq. Bu barədə aprelin 18-də Milli Məclisin iqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin iclasında bildirilib. Iclasda müzakirə olunan məsələlərdən biri “Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsi olub.
Vergilər Nairliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş Idarəsinin rəisi Samirə Musayeva bildirib ki, Məcəlləyə edilən dəyişikliklər ilk növbədə aqrar sahənin daha da inkişafını nəzərdə tutur. Onun sözlərinə görə, kənd təsərrüfatı təyinatlı torpaqlardan təyinatına uyğun istifadə etməyənlər üçün vergi dərəcələri artırılır: “Indiyə qədər kənd təsərrüfatına yararlı torpaqlardan istifadə etməməyə görə hər 100 kvadratmetrə görə 6 qəpik vergi nəzərdə tutulurdusa, bundan sonra bu məbləğ artaraq 10 manat təşkil edəcək. Bundan sonra kənd təsərrüfatına yararlı torpaqlardan üzrlü səbəb olmadan təyinatına uyğun olaraq istifadə etməyənlər 10 manat məbləğində vergi ödəməli olacaq”.
Torpaq sahələrinə vergilərin tətbiqi barədə bir müddət əvvəl də müzakirələr aparılıb. Yəni təyinatı üzrə istifadə edilməyən torpaqlara görə cərimələrin tətbiqi yeni məsələ deyil. Fəqət cərimələrin fantastik həddə, 170 dəfə artırılması fermer üçün ağlasığmaz rəqəmdir. Həmçinin, torpaqdan istifadə üçün mövcud şəraitin, bazarın olmadığı vaxtda bu həddə cərimənin tətbiqi nə dərəcədə doğrudur?
Kənd təsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmli söyləyir ki, normalara uyğun torpaq mülkiyyətdədirsə, ondan istifadə edib-etməmək mülkiyyətçinin hüququdur. Ekspertə görə Avropa ölkələrində belə məsələlərə çox həssas yanaşılır:
“Avropa ölkələrində istifadə etməmək üçün dövlət kompensasiya verir. Bazarda tələbat olmayanda sahibkar istehsalla məşğul olmur. Belə hallar Avropada tez-tez baş verir. Ona görə də onlar bu məsələyə çox həssas yanaşırlar. Torpaqdan istifadə olunmursa, onun istifadə olunmama səbəbini öyrənirlər. Ola bilsin, iqtisadi cəhətdən səmərəli deyil. Ona görə də sahibkar kapital qoyuluşuna, sərmayə yatırımına ehtiyac görmür. Infrastruktur, su, yol, torpağın keyfiyyətiylə bağlı problem ola bilər. Orda istehsal hər halda, fermerə sərf etmir. Göründüyü kimi, çoxlu sayda səbəblər var. Belə olan halda, belə bir qanunun qəbul olunması sivil normalara, tələblərə uyğun deyil. Hökumət çalışmalıdır ki, fermerin torpaqdan istifdə etməsi üçün olan sadaladığım problemlər əvvəlcə öz həllini tapsın. Lakin bizdə problemlər çoxdur”.
Nigar