«4 nəfər ailə tərkibi ilə mənzil növbəsinə duran şəxsə birotaqlı yaşayış sahəsinin ayrılması nə deməkdir?!»
Bakının Xəzər rayonu, Binə qəsəbəsi, Vaqif Mirzəyev küçəsi, döngə 3, ev11 sakini Xoşbəxt Qarayev “Azadlıq”a məktub göndərib. Məktubda deyilir:
“Mən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin verdiyi təkzibə etirazımı bildirirəm. Əvvəla, 30 ilin müəllimini yalançılıqda, kiməsə böhtan atmaqda günahlandırmaq bir ədəbsizlikdir. Bugünədək heç bir nazirlik rəsmisinin üzünü görməmişəm və onların mənə nə təklif etdiklərindən xəbərim yoxdur. Nazirlik və digər dövlət qurumları hələ indiyədək mənim sorğuma cavab verməyib. Belə ki, mən komissiyanın çıxardığı qərarla bağlı cənab Müslümovun özünə və digər dövlət qurumlarına etirazımı bildirərək onun hansı hüquqi əsasla verilməsi barədə sorğu tələb etmişəm. Mən sorğuya cavabı onlardan məhkəmə yoluyla almaq qərarına gəlmişəm.
Elman Babayev deyir ki, guya mən həm mənzil almaq, həm də mənzil növbəmi saxlamaq istəyirəm. Nazirlik mənə birotaqlı mənzil ayırıb verməyib. Bu heç mənim mənzilə olan ehtiyacımın yarısını ödəmir. Belə olan halda, vətəndaşın mənzil növbəsinin saxlanılması zəruri şərtdir. 24 il yataqxanalarda, qeyri-qanuni yaşayış sahələrində məskunlaşan bir şəxs olaraq məni belə şərt qane etmir. Mən məhz indi payıma düşən mənzili almaq istəyirəm. 4 nəfər ailə tərkibi ilə mənzil növbəsinə duran şəxsə birotaqlı yaşayış sahəsinin ayrılması nə deməkdir?! Övladlarım hələ 5 yaşında olanda valideynlərinin qarşısına alt paltarda çıxmağa utanardılar. Indi sizin əməlləriniz ucbatından onlar ömürlük subay qalmalıdırlar?!
Bir fakta da öz münasibətimi bildirmək istəyirəm. Mən baş prokurora müraciət edərək bildirmişəm ki, bu məsələnin müsbət həll olunması üçün rüşvət istənilib. Lakin məndən heç kim soruşmaq istəmir ki, rüşvəti səndən kim istəyib”.
Sosial şöbə