Məhəmməd Talıblı: «Bu cür proyektlərin reallaşacağı artan süni maraq fonunda populist açıqlamalardır»
Qubad Ibadoğlu: «Azərbaycanın bu cür layihəyə ehtiyacı yoxdur»
Azərbaycan hakimiyyətinin elan etdiyi fantastik layihələrdən biri də Xəzərdə qırx süni adanın üzərində şəhərin salınmsıdır. “Khazar Islands” adlanan layihənin dəyəri Azərbaycanın təxminən 20 milyardlıq dövlət büdcəsindən 6 dəfə artıqdır. Belə ki, proyektin ümumi smetası 130 milyard dollara yaxındır.
Layihənin xərclərinin bir hissəsinin xarici investisiya yolu ilə ödənilməsi planlaşdırılsa da, Azərbacan kimi iqtisadi reytinqə sahib ölkənin bu sahədə uğur qazanacağı az inandırıcıdır.
Iqtisadi Innovasiya Mərkəzinin rəhbəri Məhəmməd Talıblının fikrincə, Azərbaycanın bu cür layihə həyata keçirməsi inandırıcı deyil. Digər tərəfdən, Azərbaycanda bir qayda olaraq reallaşdırılan investisiya layihələrinin bir müddət sonra dayandırıldığına diqqət çəkən M.Talıblı bildirdi ki, “Khazar Islands” kimi proyektlərin reallaşacağı artan süni maraq fonunda populist açıqlamalardır: “Əgər bu layihələr sırf turizmdən əldə olunacaq gəlirlərə hesablanmasaydı, bunu başa düşmək olardı. Amma digər tərəfdən, bu proyekti həyata keçirəcək şirkət yoxdur. Bu cür layihələr daha çox büdcədən vəsait cəlb etməyə öyrəşmiş məmurların proyektinə oxşayır. Və şirkətlərin adları bu cür layihələrdə simvolik çəkilir. Və bu cür layihələrin də ömrü böyük olmur”.
Iqtisadçı Qubad Ibadoğlunun fikrincə, belə bir layihənin reallaşması inandırıcı deyil. Layihənin büdcəsi ilə bağlı açıqlanan rəqəmlərin də həddindən artıq şişirdilmiş görsəndiyini deyən Q.Ibadoğlu vurğuladı ki, digər tərəfdən, belə bir layihənin öhdəsindən gələ biləcək sahibkarlar da Azərbaycanda yoxdur: “Azərbaycanda biznesdə fərqlənənlərin, sərbəst kapitalı olanların öz kapitalları barədə bəyan etməmələri səbəbindən onlar çətin leqal şəkildə Azərbaycanda bu cür vəsait tələb edən layihəyə maliyyə cəlb edə bilsinlər. Bu, yalnız hakimiyyətlə qeyri-leqal biznesin fəaliyyəti nəticəsində gerçəkləşə bilər. Amma belə bir məbləğin indiki imkanlar daxilində ayrılması mümkün deyil. Digər tərəfdən, 130 milyardlıq vəsait bir dəfə xərclənə bilməz. Düşünürəm ki, bu, növbəti utopik layihələrdən biridir ki, kağız üzərində qalacaq. Ola bilsin ki, bir neçə adada bir iki ticarət mərkəzi və hotellər tikilsin. Amma bu cür fantastik məbləğə proyektin reallaşması inandırıcı deyil”.
Azərbaycanın bu cür layihəyə ehtiyacı olmadığını deyən Q.Ibadoğlu vurğuladı ki, “Khazar Islands”ın Azərbaycanın hər hansı imkanını genişləndirəcəyi inandırıcı deyil. Digər tərəfdən, Azərbaycandakı investisiya mühitinin bu cür bahalı proyektlərin reallaşması üçün əlverişli olmadığını söyləyən iqtisadçı qeyd etdi ki, ölkəmizin korrupsiyanın səviyyəsinə görə ön yerlərdə olması xarici kapitalın cəlbini də problemli edir. “Xarici investorların Azərbaycandakı iqtisadi mühiti nəzərə alaraq bura investisiya yatıracağı və ya turistlərin Azərbaycana maraq göstərəcəyi ağlabatan görsənmir. Ona görə mən bu cür layihənin reallaşacağına inanmıram”,- deyə Q.Ibadoğlu vurğuladı.
Xəyal