Bir xalqın xoşbəxtliyi, bir dövlətin gücü həmin xalqın və dövlətin milli hökumətinin olmasıyla bağlıdır. Hansı ölkədə ki, hökumət korrupsiyaya bulaşmayıb, hüquq tapdaq etməyib, şəffaflıq və hesabatlılıq hökm sürür, həmin ölkələrdə bütün sahələr davamlı inkişaf edir. Amma korrupsiyanın, hüquqsuzluğun hökm sürdüyü ölkələrdə təhsil, səhiyyə, iqtisadiyyat iflic olur, xalqın özünə inamı ölür.
Son günlər cəbhədə baş verənlər yəqin ki, hər bir vətəndaşda belə bir arzu yaratdı. Hamı arzuladı ki, kaş, həqiqi vətənpərvər, millətini sevən, hər qarış torpağını müqəddəs sayan hökuməti olsun.
Amma biz nəyin şahidi oluruq? Vətən üçün canından keçən, sağlamlığını vətən yolunda qoyan adamlar ədalətsizliyin, biganəliyin qurbanına çevrilir. Bu gün iki Qarabağ qazisi Asif Yusifli və Qadir Xudabaxşiyev şərlənərək həbsə atılıb. Bu adamların yeganə günahı vətəni sevmək, haqsızlığa etiraz etmək, vicdanlı olmaqdır. Onlar da birinci Qarabağ müharibəsində şəhid ola bilərdilər, bu gün Şəhidlər xiyabanında onların da abidəsi ucala bilərdi. Əgər hökumətin vətən uğrunda döyüşənlərə, şəhidlərə münasibəti səmimidirsə, niyə bu adamalr hələ də zindandadır? Niyə Qarabağ qaziləri dolana bilmədikləri üçün intihar edirlər?
Əslində, 20 faiz torpağı işğal altında olan ölkədə Qarabağ qazisi, şəhid ailəsi dəyərə çevrilməlidi. Hökumət göstərməlidir ki, vətən uğrunda savaşanlar toxunulmazdır, dövlətin qürur mənbəyidir və dövlət bu insanalrın arxasındadır. Savaşda can qoyan adamlara elə hörmət edilməliydi ki, heç kim xidmətdən yayınmaq istəməsin.
Amma görünən budur ki, hökumət məqsədli şəkildə Qarabağı unutdurmaqla, el üçün ağlayan gözləri kor etməklə məşğul olub. Yaltaqlar, fərarilər, rüşvətxorlar isə dəyərə çevrilib, insanların ruhunu zəhərləməklə məşğul olublar.
Ümumiyyətlə, belə münasibətə nə ad vermək olar? Düşmən döyüşdə əsgərimizi öldürür, yaralayır, hökumət isə Qarabağ qazisini həbsdə saxlayır, çörəklə imtahana çəkir.
Məhz hökumətin belə siyasətinin nəticəsidir ki, vətənpərvərlik anlayışı cılızlaşdırılıb, şouya çevrilib.
Şükrlər olsun ki, bu neqativ addımlar tam məqsədinə çatmayıb və xalq vətən, torpaq uğrunda həmrəy ola bilib. Amma normal hökumət olsaydı, daha fərqli mənzərənin şahidi olardıq.
Dünyadan ədalət tələb edən, Qarabağın işğaldan azad olmasını istəyən hökumət vətən sevdalılarını zindanlarda çürütməz. Qarabağ qazilərinin azadlıq haqqını işğal edənlərdə vətən sevgisi ola bilməz. O günahsız qazilər həm də Qarabağdan bir nişanədir.
Akif