Hökumətin «təbliğat»ı növbəti dəfə ifşa olundu
Son günlər cəbhədə baş verənlər xeyli müsbət məqamları da üzə çıxardı. Həm xalqın orduya dəstəyi ifadə edildi, ölkədə milli ruhun ölmədiyi göründü, həm də ölkə xaricindən böyük dəstək gəldi. Müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar bayraqlara sarılaraq aksiya keçirdilər. Qardaş Türkiyə həmişəki kimi birmənalı dəstək verdi. Üstəlik, Qərb mətbuatında da Azərbaycanla bağlı müsbət fikirlər tirajlandı.
Amma son baş verənlərdə hökumətin qeyri-səmimiliyi özünü bir daha göstərdi. Bir neçə gündür hökumət mətbuatı dünya mətbuatının yazdıqlarını tirajlayır. Dünənə qədər “ermənipərəst”, “Azərbaycanın düşməni” kimi təqdim etdikləri nəşrləri indi müsbət mənada təqdim etməyə başlayıblar.
Deməli, təsdiqləyirlər ki, bu nəşrlər ermənipərəst olmayıb, sadəcə həqiqəti yazıb. Azərbaycanda korrupsiyanın, siyasi məhbusların, hüquqsuzluğun olduğunu da tirajlayıblar, Azərbaycanın ərazi bütövlüyünü də tanıyıblar.
Məsələn, bir müddət əvvəl Con Kerrinin Azərbyacanın düşməni kimi təqdim edirdilər. Onun kabinetində antiAzərbaycan şəbəkəsinin fəaliyət göstərdiyini, hətta 20 Yanvar faciəsində onun əlinin olduğunu sübut etməyə çalışırdılar. Bugünlərdə isə ölkə başçısı Ilham Əliyev Con Kerriylə görüşdü və bu görüşü böyük uğur kimi tirajladılar. Sanki dünənə qədər “qatil” kimi təqdim etdikləri adam Con Kerri deyildi.
Əslində hökumətin siyasətinə nəzər salanda bir məqama şükr etməyə məcbur olursan. Belə bir siyasətin qarşılığında Avropa Parlamentinin, Almaniya Bundestaqının Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyən qətnamələr qəbul etməsi, ABŞ-ın 21 ştatının Xocalı soyqırımını tanıması böyük işdir. Yəni hökumətin bu qədər qeyri-adekvat münasibətinə rəğmən, beynələxalq aləm ədalət prinsipini qoruya bilib.
Son günlər cəbhədə baş verənlərə də Rusiyadan fərqli olaraq Qərb mətbuatı daha obyektiv yanaşdı.
Demək istəyirik ki, hökumətin qeyri-səmimi, reallığı əks etdirməyən təbliğatı həmişə özünüifşayla nəticələnir. Indi də göstərdilər ki, beynəlxalq aləmi milli maraqlara görə yox, şəxsi maraqlara görə topa tuturmuşlar. Sabah bu nəşrlər yenə də ölkədəki korrupsiya faktlarından yazsa, rejim mətbuatı yenə də “erməni” təbliğatına davam edəcək.
Bəli, bugünə qədər Qarabağın işğalda qalması, Azərbaycan həqiqətlərinin dünyada birmənalı şəkildə qəbul edilməməsi yürüdülən antimilli siyasətlə bağlı olub.
Cənablar, heç olmasa bu qədər ifşadan sonra qeyri-ciddi siyasətinizi, təbliğatınızı davam etdirməyin. Azərbaycanla bağlı obyektiv mövqe sərgiləyənləri şəxsi məqsədləriniz naminə incik salmayın. Sığındığınız Rusiyanın erməni sevgisi hər gün daha aydın görünür. Enerjinizi həqiqi ermənipərəstlərlə mübarizəyə sərf edin. Unutmayın ki, prinsipial məqamlarda Avropa, ABŞ mətbuatının yazdıqlarından təsəlli tapırsınız və Azərbaycanla bağlı müsbət fikirləri bu nəşrlərin nümunəsində tirajlayırsınız.
Samir