Krallıq qənaət rejiminə keçid edir
Aşağı neft qiymətləri Səudiyyə Ərəbistanını qənaət iqtisadiyyatına keçməyə getdikcə daha çox məcbur edir. BBC-ci xəbər verir ki, “The Independent” şahzadə Məhəmməd bin Salmanın islahatlar proqamının 2020-ci ilədək büdcəyə əlavə olaraq 100 milyard dollar gətirəcəyinə inandığını açıqlayıb.
Məhəmməd bin Salman deyib ki, islahatlara vergi sisteminin tənzimlənməsi də daxildir.
Ekspertlərin fikrincə, Səudiyyə çox güman əlavə gəlir vergisini tətbiq etməyi, həmçinin əcnəbi işçilərin vergilərini artırmağı planlaşdırır.
Bu arada, yayılan başqa xəbərlərə görə, Səudiyyənin hakimiyyət orqanları Iran neft tankerlərinin Səudiyyənin ərazi sularından keçməsinə əngəl yaradır.
“The Financial Times”yazır ki, Səudiyyə bununla da Iranın neft hasilatını artırmaq qüdrətini zəiflətməyə çalışır.
Qəzet yazır ki, Iran onun üzərindən beynəlxalq sanksiyalar qaldırılandan bəri Avropaya cəmi 8 tanker göndərə bilib.
Daşımalar üzrə sığorta şirkətinin sərəncamına görə, Iran neftini daşıyan gəmilərin Səudiyyə Ərəbistanı və Bəhreyn limanlarına daxil olması məhdudlaşdırılıb.
Iran tankerlərinin bu limanlara daxil ola bilməsi üçün Səudiyyə və Bəhreyn hökumətlərinin icazəsi tələb olunur. Bundan başqa Iran Misirin Aralıq sahillərindəki neft tranziti çənlərindən istifadə üçün icazə ala bilməyib. Bu tranzit anbarlarına nəzarət edən şirkətdə Səuddiyyə Ərəbistanı da paya malikdir.
Bir vaxtlar istehsal həcmlərinə görə OPEC-də ikinci neft ölkəsi sayılan Iranda hasilat ötən il gündə 1, 1 milyon barelə enmişdi.
Lakin Iranın neft naziri məlumat verib ki, hazırda hasilat günə 2 milyon barelə çatıb.
“The Independent” qəzeti isə yazır ki, Səudiyyənin Iran tankerlərinin yolunu kəsməyə çalışması Ər-Riyadın OPEC-ə neft hasilatını dondurmaq təklifinin iflasa uğradığını göstərir. Neft qiymətləri son birca satışında daha 1,53 faiz düşərək bir barel üçün 38,08 dollara enib.
Fevral ayında Səudiyyə və Rusiya neft qiymətlərinin sabitləşdirilməsi üçün hasilatı yanvar səviyyəsində saxlamaq barədə razılığa gəlmişdi. Buna baxmayaraq, Iran israr edir ki, sanksiyaların qaldırılmasından sonra hasilatı artırmaq onun təbii haqqıdır.
“The Independent”ə görə, neft gəlirlərinin 23 faiz azalması ilə bağlı Səudiyyənin büdcə kəsiri ÜDM-in 15 faizinə çatıb.
Buna cavab olaraq Səudiyyə hökuməti əhaliyə su, qaz və elektrik enercisi üçün edilən güzəştləri azaldıb.
Neft gəlirləri Səudiyyənin bütün gəlirlərinin dörddə üçünü təşkil edir.
Beynəlxalq Valyuta Fondu bildirib ki, Səudiyyə büdcəsinin tam tarazlaşması üçün neft qiymətlərinin 106 dollar olması şərtdir. Lakin neft qiymətləri son iki ayda 40 faiz artsa da, qiymətlər ümumilikdə xeyli aşağıdır. Halbuki 2014-cü ilin yayında bir barelin qiyməti 115 dollar idi.