Parlament inhisarçılıqla bağlı cəzanı sərtləşdirsə də, bunun effekt verəcəyi şübhə doğurur
Dünən Azərbaycan parlamenti inhisarçılıq və rəqabətin məhdudlaşdırılmasına qarşı mübarizə ilə bağlı qaydaların təsnifatını genişləndirib. Cinayət Məcəlləsinin 199-cu (Inhisarçılıq hərəkətləri və rəqabəti məhdudlaşdırma) maddəsinə və “Antiinhisar fəaliyyəti haqqında” qanuna bu barədə dəyişikliklər edilib.
Təsərrüfat subyektlərinin digər rəqibləri bazardan kənarlaşdırması, yeni rəqiblərin bazara daxil olmasının qarşısını almaq və digər belə hərəkətlərlə bağlı cəzalar sərtləşdiriləcək. Inhisarçılıq hərəkətləri cinayət nəticəsində vurulmuş ziyanın 2 misli miqdarında cərimə edilməklə, 2 il müəyyən vəzifə tutma hüququndan məhrum etmə və 3 ilə qədər həbslə cəzalandırılacaq.
Qüvvədə olan qanunvericilikÿinhisarçılığa görə 100 manatdan 500 manata qədər cərimə, 1 il islah işləri və ya 2 il həbs nəzərdə tutur.
Göründüyü kimi, inhisarçılıqla bağlı qaydalar dəyişdirilir və monopoliyaya qarşı mübarizə sərtləşdirilir. Görəsən, bu cür cəzalar inhisarçıların qarşısını almağa yetərlidirmi?
Iqtisadçı-ekspert Qadir Ibrahimli hesab edir ki, inzibati qaydalarla, müvafiq cəza tədbirlərilə inhisarçılığa qarşı mübarizənin effekti olmayacaq. Ekspert inhisarçılıqla mübarizə aparmaqdansa, inhisarı yaradan səbəblərin aradan qaldırılmasını, biznes mühitinin liberallaşdırılmasını, məmurların biznes mühitinə müdaxilələrinə son qoyulmasını vacib sayır: “Müəyyən şərtlər təmin olunmalıdır. Ilk növbədə mülkiyyətin toxunulmazlığına, kapitalın sərbəst hərəkətinə və təhlükəsizliyinə təminat verilməlidir. Bütün bu şərtlər təmin olunarsa, inhisarçılığa qarşı daha effektiv mübarizə aparmaq olar”.
Nigar