Elxan Şahinoğlu: «Amerikanın fəal iştirakı olmadan Avrasiya bölgəsində heç bir problemi həll etmək mümkün deyil»
ABŞ prezidenti Barak Obama Vaşinqtonda keçirilən nüvə təhlükəsizliyi sammiti çərçivəsində türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşüb. Görüşdə təhlükəsizlik məsələləri, habelə, terrorçuluq və qanunsuz miqrasiya ilə mübarizə məsələləri müzakirə olunub.
Barak Obama martın 31-də Diyarbəkirdə törədilən terror aktı nəticəsində həlak olanlarla bağlı Ərdoğana başsağlığı verərək, ABŞ-ın Türkiyənin təhlükəsizliyinin təmin olunmasına və terrorçuluqla ümumi mübarizəyə verdiyi dəstəyin davam etdiriləcəyini təsdiqləyib.
Iki ölkə lideri həmçinin IŞID-lə mübarizə məsələlərini də müzakirə ediblər.
Politoloq Elxan Şahinoğlunun fikrincə, bu görüşün baş tutması ABŞ-ın Türkiyəyə verdiyi əhəmiyyətin göstəricisidir. Çünki sammit ərəfəsində mətbuatda Obama-Ərdoğan görüşünün baş tutmayacağı barədə məlumat yayılmışdı. Müşahidəçilər bunu ABŞ-Türkiyə münasibətlərinin soyuması ilə əlaqələndirirdi. ABŞ administrasiyası isə prezidentlər arasında görüşün baş tuta biləcəyi barədə açıqlama vermişdi.
Görüş baş tutsa da Elxan Şahinoğlu bunu Amerika ilə Türkiyə arasındakı bütün fikir ayrılıqlarının aradan qalxması kimi dəyərləndirmir. Əsas fikir ayrılığı isə Suriyadakı vəziyyətlə bağlıdır.
“Düşünmürəm ki, bu görüşdən sonra məsələyə aydınlıq gətirilsin və Amerika silahlı kürdlərə dəstəkdən əl çəksin. Amma hər halda, bu görüş vasitəsilə Ərdoğan Türkiyənin narahatlığını Obamanın diqqətinə çatdırmaq imkanı qazanıb ki, Amerika Suriyadakı siyasətinə korrektələr etsin. Bütün hallarda, Obama ilə görüş və Ərdoğanın Vaşinqtonda verdiyi açıqlamalar göstərir ki, Türkiyə ABŞ-la münasibətlərə xələl gətirmək istəməz. Çünki Türkiyə özü də Amerikanın bölgədəki böyük rolunu anlayır. Amerikanın fəal iştirakı olmadan Avrasiya bölgəsində heç bir problemi həll etmək mümkün deyil”, – deyə politoloq qeyd edib.
Nigar