«Maliyyə Nazirliyi, Hesablama Palatası enerji sektorunda ciddi yoxlamalara başlamalıdır»
Nemət Əliyev: «Enerji sektoru üçün gələcəkdə də alınacaq maliyyə vəsaitlərinin səmərəli xərclənəcəyinə ümid yoxdur»
Xəbər verdiyimiz kimi, Asiya Inkişaf Bankı (AIB) Azərbaycanın şəbəkə operatoru “Azərişıq” ASC üçün 1 milyard dollarlıq layihə – “Azərbaycanda elektrik enerjisinin distribusiyasının gücləndirilməsinin investisiya proqramı” multitranş proqramına (MFF) baxılmasına qayıtmışdır. Bankın veb-saytının məlumatına görə, MFF təklif kimi qalır və AIB-in Direktorlar Şurasında proqramın nəzərdən keçirilməsi mayın 27-nə planlaşdırılıb (əvvəl aprelin 20-nə planlaşdırılmışdı).
Məlumatda deyilir ki, proqram üç bərabər tranşla maliyyələşdirilməlidir və şərti olaraq Aran, Bakı, Cənub, Qərb, Mərkəzi Aran, Şimal və Şimal-Qərb kimi 7 regional elektrik paylaşdırıcı şəbəkəyə yönəldilməlidir. Proqram üzrə vəsaitlər tranşlar üzrə, hər birində 250 mln. dollar məbləğində ayrılmalıdır (Cəmi 750 milyon dollar). Azərbaycanın ümumi payı 250 mln. dollar qiymətləndirilir ki, bu da ümumi maliyyələşdirməni 1 mlrd. dollar artıracaq.
Keçən ilin may ayında Bakıda keçirilən Asiya Inkişaf Bankının (AIB) Rəhbərlər Şurasının 48-ci illik Toplantısı çərçivəsində Azərbaycan Respublikası hökuməti ilə AIB arasında elektrik enerjisinin paylanmasının inkişafına dair təklif olunan Investisiya Proqramı üzrə kreditin ayrılmasına dair ilkin niyyət protokolu imzalanmışdı.
Sənəd respublika ərazisində elektrik enerjisi təminatının daha da yaxşılaşdırılması, eləcə də enerji paylanmasının təkmilləşdirilməsi məqsədilə “Azərişıq” ASC-yə 750 mln. ABŞ dolları məbləğində çoxtranşlı maliyyələşmə mexanizmi çərçivəsində kreditin verilməsini nəzərdə tutur. Layihənin ümumi dəyəri 1 milyard dollardır. Qalan 250 milyon dollar Azərbaycan hökuməti tədərindən maliyyələşdiriləcək (“Marja”).
Neçə illərdir enerji sektoruna xərclənən milyonlar, belə çıxır ki, havaya sovrulub. Məlum olur ki, həm regionlarda, həm də paytaxtda enerji infrastrukturunun ciddi modernləşdirilməsinə ehtiyac var. Işıq dirəkləri, yarımstansiyalar əsaslı təmirə ehtiyac duyur. Elə bu məqsədlə də xaricdən borc alınır. Amma bu addımı atanlar yaxın keçmişimizi unudurlar.
Azərbaycanda enereji infrastrukturunu demək olar ki, yenidən quran “Barmek” qısa müddət ərzində ciddi uğurlara imza atmışdı. Və bütün bu addımlar kredit götürülmədən daxili resurslar hesabına edilmişdi. Amma hazırda onsuz da ciddi borcları olan enerji sektoru daha bir borcalmaya gedir.
Iqtisadçı Nemət Əliyev bildirdi ki, Azərbaycanın enerji sektorunda problemlər səngimək bilmir. Bu sahədə idaretmə ilə bağlı ciddi qüsurların olduğunu deyən N.Əliyev vurğuladı ki, hər kəsin enerji sektorundakı yeyinti barədə məlumatı olsa da, problemlər çözülmək bilmir: “Enerji daşıyıcılarının qiymətləri sonuncu dəfə üç dəfə qaldırılandan sonra belə bir bəyanat verildi ki, energetika sektoruna külli miqdarda maliyyə vəsaitləri daxil olacaq. Bu sektorun maliyyəyə olan ehtiyacının məhz bu yol ilə ödəniləcəyi vurğulanırdı. Yığılan vəsaitlərin investisiya ediləcəyi deyilirdi. O zaman sual olunur. Bu vəsaitlər hara xərcləndi? Yaxud üç dəfə qiymət artımı hesabına daxil olan külli miqdarda maliyyə vəsaiti hardadır? Amma bu gün enerji sektorundakı problemləri həll etmək üçün yenidən vəsait axtarılması, buna görə xaricdən pul cəlb olunması onu deməyə əsas verir ki, enerji sektorunu narahat edən problemlər çözülməyib”.
N.Əliyevin fikrincə, müvafiq strukturlar Maliyyə Nazirliyi, Hesablama Palatası enerji sektorunda ciddi yoxlamalara başlamalıdır. Çünki enerji sektoru bu sahəyə rəhbərlik edən şəxslərin şəxsi mülkiyyəti deyil: “Ölkənin qeyri-neft sektoruna investisiya yatıran yoxdur. Maliyyə vəsaitlərinə ehtiyac var. Həmin maliyyə vəsaitləri düzgün istifadə olunsaydı, vəziyyət bu cür olmazdı. Maliyyə Nazirliyinin xətti ilə ”Cənub Qaz Dəhliz” layihəsində Azərbaycanın payını maliyyələşdirmək üçün bir milyard dollar borc alınıb. Bu maliyyə vəsaiti iqtisadi cəhətdən çox əlverişsiz şərtlərlə cəlb olunub. Hakimiyyət ucuz şərtlərlə kreditləri ala bilmədiyindən ağır şərtlərlə kreditlərə görə müraciət edir”.
N.Əliyev vurğuladı ki, bu cür əlverişsiz şərtlərlə cəlb olunan maliyyə vəsaitləri dövlətin də yükünü artırır. N.Əliyev onu da vurğuladı ki, gələcəkdə alınacaq maliyyə vəsaitlərinin də səmərəli xərclənəcəyinə heç bir ümid yoxdur: “Bu günə qədər necə israfçılığa yol verilibsə, əlavə cəlb olunacaq maliyyə vəsaitlərinin də xərclənməsində elə israfçılığa yol veriləcək. Fikrimcə, tamamilə yanlış addımdır. Əgər enerji sektorunda ciddi maliyyə yatırımına ehtiyac varsa, o zaman ciddi araşdırma aparılmalıdır. Obyektiv araşdırma aparılarsa, israf olunmuş maliyyə vəsaitlərinin üzə çıxarılması, eyni zamanda üzə çıxarılmış maliyyə vəsaiti ilə bu sahədəki problemləri həll etmək mümkündür”.
Xəyal