ABŞ və Avropa Birliyi Tehran rejiminə qarşı yeni sanksiyaların tətbiqinə qərar verdi
Neftin qiyməti qalxdı; Iran Hörmüz boğazını hərbi gəmilərlə bağlaya bilər
Irana qarşı diplomatik müharibə davam edir. Avropa Birliyi bu ölkədən neft idxalına sanksiya qoymaqla yanaşı, Iranın Mərkəzi Bankına, bu ölkə ilə almaz və qızıl ticarətinə də sanksiyalar tətbiq edib. Yeni qadağalara əsasən, Iran Mərkəzi Bankının bütün əmlak və vəsaitləri dondurulur, quruma üzv ölkələrin Iranın Mərkəzi Bankı və Iran hakimiyyətinin digər qurumları ilə almaz və qızıl ticarətinə yasaq qoyulur.
Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Ketrin Eşton jurnalistlərə açıqlamasında Irana qarşı yeni sanksiyalardan danışıb: “Mən bu təzyiqlərin nəticə verməsini, Iranın nüvə fəaliyyətilə bağlı danışıqlar masasına qayıtmasını istəyirəm”.
Avropa Birliyi ilə yanaşı, ABŞ-ın Maliyyə Nazirliyi də bəyanat yayaraq, Iran Ticarət Bankına sanksiya qoyduqlarını açıqlayıb. Nazirliyin məlumatında bildirilir ki, Iran Ticarət Bankına sanksiya qoyulduqdan sonra Vaşinqtonun sanksiyalarına məruz qalan Iran maliyyə qurumlarının ümumi sayı 23-ə çatıb: “ABŞ Iranın dünya maliyyə sistemindən istifadəsinə imkan yaradan son yollardan birini hədəfə alıb. Iranın ən mühüm üçüncü bankı sayılan, Iran Islam Respublikasının nüvə fəaliyyətlərinə yardım göstərən şirkətlərə və ayrı-ayrı şəxslərə pul köçürmələrinə şərait yaradan Iran Ticarət Bankına sanksiya qoyulur”.
Avropa Birliyinin Irandan neft idxalına qadağa qoymasına Tehranın münasibəti sərt olub. Iran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri, deputat Heşmətullah Fəlahətpişə bildirib ki, hər hansı təhdid durumunda Hörmüz boğazını bağlamaq Iranın haqqıdır.
Iran parlamentinin enerji komissiyasının üzvü, millət vəkili Əli Adanı vurğulayıb ki, Iran neftinə sanksiya tətbiq olunması yalnız bəzi avropalı və amerikalı siyasətçilərin işinə yarayacaq. Komissiyanın digər üzvü, deputat Həsən Şabanpur da Avropa Birliyinin qərarını yanlış addım hesab edir. O, əlavə edib ki, Irana tətbiq olunacaq neft sanksiyasının yaradacağı boşluğu Səudiyyə Ərəbistanı dolduracaq gücə sahib deyil.
Deputat Məhəmməd Ismayıl Kövsəri də bəyan edib ki, Iran neftinə qarşı hər hansı zorakılıq olarsa, Hörmüz boğazı dərhal bağlanacaq. Onun sözlərinə görə, boğaz bağlandıqdan sonra ABŞ və müttəfiqlərinin onu yenidən açması mümkün olmayacaq. Kövsəri, eyni zamanda, boğazın açılması üçün Amerikanı hərbi avantürizmə getməməklə bağlı xəbərdar edib.
Iranın keçmiş informasiya, təhlükəsizlik və kəşfiyyat (ETTELAAT) naziri Əli Fəllahian isə hesab edir ki, sanksiyalara qarşı veriləcək ən yaxşı cavab Avropa Iranın alternativini tapmadan bu qitənin ölkələrinə neft ixracını dayandırmaqdır. Iranın sabiq neft naziri Seyid Kazım Vəziri Hamanə isə Avropa ölkələrini əmin edib ki, sanksiyalara baxmayaraq, Iran nefti satılacaq.
ABŞ hökuməti isə iranlı deputatların hədələrinə cavab olaraq bildirib ki, Iran beynəlxalq öhdəlikləri yerinə yetirməlidir. Ağ evin mətbuat katibi Cey Karninin sözlərinə görə, Irana qarşı sanksiyaların tətbiqi dayandırılmayacaq. Bu proses Iran hökuməti düzgün seçim edənədək davam edəcək: “Bizim mövqeyimiz dəyişməz olaraq qalır. Iran məsələnin ciddiliyini başa düşməli və danışıqlara başlamalıdır”.
Qeyd edək ki, Avropa Birliyi 2011-ci ilin ilk on ayında Irandan hər gün 600 min barrel neft idxal edib. Ümumilikdə Iranla bu qurum arasında 2011-ci ilin ilk 9 ayında ticarətin həcmi 19.3 milyard avro olub. Iran bu müddətdə Avropa Birliyinin neft ehtiyacının təxminən 4.5 faizini qarşılayıb. Qurum Irana 7.6 milyard avroluq məhsul ixrac edərkən, Irandan da 11.4 milyard avroluq neft idxal edib.
Irana qarşı yeni sanksiyaların tətbiqi dünya birjalarında neftin qiymətinin artmasına səbəb olub. Nyu-Yorkun “NYMEX” (New York Merchantile Exchange) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 1,25 dollar qalxaraq 99,58 dollar, Londonun ICE (InterContinental Exchange Futures) birjasında keçirilən hərraclarda “Brent” markalı neftin bir barrelinin qiyməti 72 sent bahalaşaraq 110,58 dollar olub.
Informasiya şöbəsi