Pakistanın Lahor şəhərində “canlı bombanın” törətdiyi qanlı terror nəticəsində ölənlərin sayı 72 nəfərə çatıb. Onlardan 23-ü uşaqdır. Partlayış zamanı 300-dən artıq insan yaralanıb, onlarla uşağın və qadının vəziyyətinin ağır olduğu bildirilir. Məlumata görə, bomba şəhərdəki xristianlar parkda Pasxa bayramını qeyd edərkən partlayıb. Polis hadisə yerində terrorçunun başını aşkar edib.
Terakta görə məsuliyyəti “Taliban” qruplaşması öz üzərinə götürüb. “Taliban”ın qolu sayılan Camaat-ul-Əhrar qrupu bildirib ki, hücumçular Pasxa gününü qeyd edən xristianları hədəf alıblar. Pəncab əyalətinin mərkəzi olan Lahor Islamabaddan sonra ölkənin ikinci böyük şəhəridir.
Dünən Pakistan polisi terrorçunun şəxsiyyətini müəyyənləşdirib. Yerli mətbuatı yazır ki, bu, Yusuf adında 28 yaşlı müəllimdir. Pəncab əyalətinin Muzaffarqarx şəhərində yaşayıb. Pəncabda dini təhsil aldıqdan sonra səkkiz il Lahorda dini məktəbdə müəllim işləyib. Polis bu terror aktında şübhəli bilinən 15 nəfəri, o cümlədən Yusufun qardaşlarını da saxlayıb, istintaq davam edir.
Pakistanın Baş naziri Nəvaz Şərif Lahordakı terror aktı ilə bağlı Böyük Britaniyaya səfərini təxirə salıb. Bununla belə, o, nüvə təhlükəsizliyinə dair Vaşinqtonda keçiriləcək Zirvə görüşündə iştirak etmək niyyətindədir. Şərif Londona gedib orada Böyük Britaniyanın baş naziri Devid Kameronla danışıqlar aparmalı, sonra isə Vaşinqtona uçmalıdır.
Nəvaz Şərif Lahor şəhərindəki partlayış nəticəsində həlak olanların ailələrinə və yaralananlara kompensasiya verilməsi ilə bağlı qərar qəbul edib. Sənədə əsasən həlak olanların ailələrinə 9,5 min dollar veriləcək. Ağır yaralananlara 2,9, yüngül yaralılara isə 1,4 min dollar ödəniləcək.
Qanlı terror bazar gününə təsadüf etdiyindən zərərçəkənlər arasında xeyli sayda qadın və uşaq olub. Hadisə yerində araşdırma aparan mütəxəssislərin fikrincə, kamikadze 8 kiloqramlıq partlayıcı maddədən istifadə edib. Ölkədə 3 günlük mətəm elan olunub.
Xatırladaq ki, Pakistan ordusu Əfqanıstanla sərhəd rayonlarında antiterror əməliyyatlarına 2014-cü ildə “Taliban” hərəkatı üzvlərinin Kəraçi aeroportuna hücumundan sonra başlayıb. Həmin ilin yayından ölkə ordusu “Əl-Qaidə”, “Təhrik-e Taliban Pakistan”, “Şərqi Türküstanın Islam Hərəkatı”, “Özbəkistan Islam Hərəkatı? kimi terror qruplaşmalarına qarşı “Zurab-e Azb” adlandırılan əməliyyatlar keçirilir.