“The İndependent” qəzetinin əlavəsi olan İ100 saytında Narjas Zatatın britaniyalılara qonaq getmək qaydaları dərc olunub.
“Britaniya xalqının çoxsaylı yazılmamış sosial davranış qayda-qanunları var” – yazır Zatat.
Müəllif, əgər pərt olmaq və özünüz haqqında xoşagəlməz təəssürat buraxmaq istəmirsinizsə, britaniyalının evinə qonaq gedərkən aşağıdakı 12 əməldən çəkinməyi məsləhət görür.
1. Dəvətsiz gəlməyin
2. Dəvət axşam 7-yədirsə, gecə 11-də gəlib çıxmayın. Gecikməyin nəzakətsizliyi bir yana qalsın, həm də aydındır ki, ac qalacaqsınız. Dəvətə vaxt qoyulubsa, demək bunun bir mənası var.
3. Evin içində papaq geyinməyin. Bu nəzakətsizlik sayılır.
4. Burnunuzu evdəki soyuducuya soxmayın. Aktyor James Cordon demişkən, “Bu mənim soyuducumdur. Bu mənim şirəmdir. Yerinə qoy, çıx get və bir də gözümə görünmə!”
5. Xörəyi pisləməyin. Ev sahibi qiymətli vaxtını sərf edərək sizin üçün yemək hazırlayıb və siz ona tərifdən başqa heç nə deyə bilməzsiniz. Kartof püresinin yaxşı əzilməməsi sizin borcunuza qalmayıb…
6. Qonaq olduğunuz evdə öz evinizdə gördüyünüz şəxsi işləri görməyin. Bu o deməkdir ki, dırnaq kəsməyin, qarnınızdakı qazları idarə edin və müəyyən yerlərinizi qaşımayın.
7. İçib keflənməyin. Özünüzü bir küncə verib şüşələri boşaldıb, sonra həyatızının böhranlarını dostlarınızın qarşısında nümayiş etdirməyin. Başqaları bura sizə tamaşa etmək üçün gəlməyiblər.
8. Əllə yeməyin. Qaşıq-çəngəldən istifadə edin.
9. Burnunuzu salfetə fınxırmayın. Salfeti əl-ağız silmək üçün qoyublar, keçən həftədən qalma qripin tör-töküntüsü üçün yox.
10. Damağınıza siqaret qoyub şəstlə tüstülətməyin.
11. Bir fincan çaydan imtina etməyin. Hə, ola bilər ki, siz istəyən qədər şirin, südlü və qaynar olmasın. İmtina etmək nəzakətsizlikdir, için getsin.
12. Bir də Allah xatirinə yataq otağına girməyin. Ora məhrəmdir, şəxsidir, amma sizin deyil. (BBC azeri)