Martın 26-da Lənkəranda SU-8 yaşayış massivi deyilən ərazidə sakinlər etiraz aksiyası keçiriblər.
Aksiyaya toplaşanlar yaşadıqları ərazidə avtonəqliyyat vasitələrinin sürətlə hərəkət etməsi səbəbindən tez-tez yolda qəzaların baş verdiyini bildiriblər.
Sakinlər deyiblər ki, «Şəhidlər Xiyabanı» küçəsində son 10 gün ərzində bir neçə yol qəzasında, azı, 4 nəfər ağır xəsarət alıb. Bu ərazidən 200 metr aralıda martın 23-də baş verən sonuncu yol qəzasında vurularaq dünyalarını dəyişən 4 nəfərin hamısı SU-8 massivinin sakinləri olub.
Sakinlər bildiriblər ki, həmin küçə avtomobillərin sürətlə idarə olunduğu əsas yoldur. Bu ərazidə uşaq bağçası, iki məktəb və şadlıq sarayı var. Üstəlik, şəhərlərarası avtovağzala çıxışın da bu yolun üstündə olması gün ərzində hərəkətin intensivliyini artırır.
Zərərçəkənlərin qohumlarının da iştirak etdiyi aksiyada əsas tələblər işıqforların quraşdırılması, piyada keçidinin qurulması və yolda sürətin azalmasına xidmət edən maneələrin qoyulmasıdır.
Rəsmi şəxslərin aksiya iştirakçılarının fikirlərini dinlədiyi bildirilir. Aksiya iştirakçılarına söz veriblər ki, yaxın günlərdə tələblər yerinə yetiriləcək. (Report)