Sürücülər sözlərini deməyə imkan verilmədiyi üçün studiyanı tərk etdilər
Bu gün ANS-in “Günəbaxan” verilişində qalmaqallı vəziyyət yaranıb. Taksi sürücülərinin son günlərdəki məlum etirazları ilə əlaqədar verilişə onların nümayəndələri dəvət olunub. Qarşı tərəf kimi isə verilişdə Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov qatılıb.
Veriliş başlayan kimi taksi sürücüləri ilə Namiq Həsənov arasında gərgin dialoq yaşanıb. Aparıcı İlqar Mikayıloğlu isə tərəfkeşlik edərək taksi sürücülərinə qarşı kobud davranıb.
Sürücülərdən biri Azərbaycanı başqa ölkələrlə müqayisə edən N.Həsənova “Dediyiniz ölkələrin 20 faiz torpağı işğal altında, əhalisi qaçqın deyil…” deyib etiraz edəndə aparıcı Mikayıloğlu sürücünün sözünü kəsib və onu aşağılayıcı tonda gedib Qarabağda savaşmağı “məsləhət görüb”. Mikayıloğlu sürücülərə “Bir rotasınız, gedib Qarabağda savaşın” kimi yersiz tənə vurub. O, sürücülərdən birini studiyadan qovub. Bu zaman isə verilişə gələn sürücülərin demək olar hamısı studiyanı tərk edib.
Məsələ ilə bağlı Lent.az-a açıqlamasında İ.Mikayıloğlu bildirib ki, əslində qonaqlar mövzudan yayındıqları üçün verilişi tərk etməyə məcbur qalıblar: “Veriliş başlamazdan əvvəl onlara dedim ki, nazirliyin nümayəndəsini də çağırmışam, buyurun, problemlərinizi deyin. Qonaqlar da danışmağa başlayan kimi mövzudan yayınaraq, populist fikirlər söyləməyə başladılar. Əsas mövzu kənarda qaldı, bunlar siyasət, Qarabağ və digər mövzuları qatdılar ortaya. Mən də bir daha bildirdim ki, əgər siz bura taksi problemi ilə bağlı gəlmisinizsə, buyurun danışın. Nə suallarınız varsa, deyin. Yoxdursa, başqa işləri bu məsələyə qatmayın”.
İ.Mikayıloğlu deyir ki, qonaqlar onun sözünə məhəl qoymadıqları üçün bu addımı atıb: “Dedim ki, onda Namiq Həsənov getsin, problemlərinizin də həlli yarımçıq qalsın. Onlar da mənə sual verdilər ki, bəs biz bura niyə gəlmişik? Mən də dedim niyə gəldiyinizi bilmirsinizsə, gedə bilərsiniz. Həmin sürücülərin bir qismi verilişi tərk etdilər. Amma onlardan verilişdə axıradək oturub, suallarını verənlər də oldu. Hətta ortaya rüşvət faktı da çıxdı. Həmin şəxslərin nömrəsi dərhal yazılıb, köməklik göstəriləcəyi deyildi. İnanmırsınızsa, “Youtube”-də verilişə baxa bilərsiniz. Onda özünüz görəcəksiniz ki, proses necə baş verdi. Mən, ümumiyyətlə, sosial verilişlərdə səs-küyün tərəfdarı deyiləm. Problemlərini həll etmək istəyirlərsə, danışsınlar. Mən insanları ona görə dəvət edirəm ki, öz dərdlərini desinlər. Başa düşməyirlərsə, bu mənin günahım deyil” – deyə aparıcı əlavə edib.